Rusiyanın niyyəti: Müttəfiqlərinin müstəqilliyi deyil, onun vassalı olmasıdır - ÖZƏL

"Sözsüz ki, Rusiyanın Azərbaycanla münasibətlərdə son aylarda etdiyi hərəkətlər anormallıqdır,amma düşünülməmiş addımlar deyil. Rusiya Azərbaycana qəsdən mesajlar vermək istəyir. Rusiyanın öyrəndiyi reallıq odur ki, dünənə qədər onun müttəfiqi olan Azərbaycan bu gün Rusiyanın heç bir siyasətini nəzərə almadan tam müstəqil siyasət aparır. Eyni zamanda, biz artıq görmüşük ki, Rusiya müttəfiqlərinin müstəqilliyini deyil, onun vassalı olmasını istəyir."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Bu gün Rusiyadan  Azərbaycana müəyyən təhdid xarakterli çağırışların səslənməsi təsadüfi deyil. Hərbi müdaxilədən tutmuş Azərbaycanın müəyyən enerji obyektlərinə dəqiq zərbələrin endirilməsi, diaspor nümayəndələrinin ölkədən çıxarılması, tanınmış şəxslərin təqiblərə məruz qalması və s. formasında çağırışlar eşidirik. Həm də bunlar sadə şəxslərdən yox, Rusiyanın dövlət qurumlarının üzvlərindən, Putinin yaxın çevrəsindən, onun yanındakı müxtəlif şuraların üzvləri səviyyəsindən səslənir.

Əlbəttə, bunlar birinci növbədə Rusiyanın niyyətini ifadə edir. Rusiya bu mesajlarla ilk olaraq Azərbaycanın bu gün apardığı siyasətin onun ürəyincə olmadığını göstərmək istəyir. İkincisi, Azərbaycana hədə-qorxu gəlməklə onun müstəqil siyasət yolundan döndəriləcəyinə inanır. Nəhayət, üçüncüsü, bu həm də Rusiyanın ətrafında olan və keçmiş postsovet məkanındakı digər ölkələrə mesajdır ki, onların hansısa biri Azərbaycan və Ermənistan kimi Rusiyanın orbitindən tamamilə uzaqlaşmaq kursu götürməsin.

Bütün bu arqumentlər göstərir ki, Rusiyanın Azərbaycana qarşı təhdid siyasətinin arxasında düşünülmüş strategiya dayanır. Bu siyasət birbaşa Putinin özündən qaynaqlanır. Azərbaycana qarşı atılan addımların ssenarisi Kremldə, Rusiya dövlət siyasətinin mərkəzi qərargahında hazırlanır və məqsədi Azərbaycanı hazırda Qərblə ən sıx inteqrasiya yolundan döndərməkdir. Ancaq belə siyasətlərin axırı yoxdur."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31