“Artıq hərbi vasitəyə ehtiyac qalmayıb” – Həşim Səhrablı Ermənistanın öhdəliyini şərh edir - ÖZƏL

Ermənistan, Azərbaycanla sərhəddə yerləşdirilmiş Avropa İttifaqı müşahidə missiyasının fəaliyyətinə xitam verməyi və sərhədə üçüncü tərəfin qüvvələrini yerləşdirməməyi qəbul edib. Bu, xüsusən Ermənistanda xarici hərbi mövcudluq fonunda əhəmiyyətli hesab olunur. Layihənin 7-ci maddəsi - sərhəddə üçüncü tərəf qüvvələrinin yerləşdirilməməsi  uzun müddət açıq qalan və Ermənistanın müqavimət göstərdiyi əsas məsələlərdən biri olub.
Ermənistanın bu öhdəliyi qəbul etməsi bölgədə geosiyasi balansı necə dəyişə bilər?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
" Vaşinqtonda əldə edilən razılaşmaların hüquqi prizmadan həyata keçirilməsi üçün Ermənistanın bu gün qəbul etdiyi bu addım mütləq bir şərh kimi ortaya çıxır. Çünki Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə sülh istədiklərini bəyan edirdilər, eyni zamanda sülh mətnini də artıq paraflayırdılar. Yəni, əgər bu iki ölkə arasında bir sülh müqaviləsi varsa və tərəflər müharibə vəziyyətini bitirmək öhdəliyi götürüblərsə, qarşılıqlı problem kimi qəbul edilən istər ərazi məsələlərində, istər tranzit məsələlərdə, istərsə də digər hər hansı məsələlərdə baş verə biləcək problemləri tamamilə diplomatik yollarla və masa ətrafında, qarşılıqlı uzlaşma və anlaşma prinsipləri əsasında həll etməyi öz üzərlərinə öhdəlik kimi götürürlərsə, ki,  bu, sülhün mahiyyətində vardır, bu önəmli bir məqamdır. Çünki artıq hərbi hər hansı bir vasitəyə ehtiyac qalmır.
Əgər hərbi hər hansı bir vasitəyə ehtiyac qalmayıbsa, o halda Avropa Şurasının, Avropa İttifaqının müşahidə komandasının orada yerləşdirilməsinə də ehtiyac qalmır. Çünki Ermənistan tərəfi əvvəllər bunu belə əsaslandırırdı ki, guya Azərbaycanın Ermənistana hücum etmə təhlükəsi var, bir hərbi risk mövcuddur və Avropa müşahidə komissiyası məhz bu riskə qarşı bölgədə sülhü və sabitliyi təmin etmək üçün oradadır. Ona görə də bu gün artıq sülh müqaviləsi paraflanır, tərəflər hərbi münaqişələrdən imtina etmək barədə öhdəlik götürüblər və tamamilə diplomatik-sivil münasibətə keçməyi razılaşdırıblar, ticarət yollarının açılmasını razılaşdırıblar. Belə olan halda, Ermənistanın əvvəllər iddia etdiyi hərbi risk də ortadan qalxmış olur və nəticədə Avropa İttifaqının oradakı komissiyasına da ehtiyac qalmır. Bu qərarın verilməsi və Avropa Komissiyasının bölgədən çıxarılması, üçüncü hər hansı bir qüvvənin oraya yerləşdirilməməsi barədə öhdəlik götürülməsi göstərir ki, artıq Azərbaycan və Ermənistan arasındakı konfliktin həlli istiqamətində önəmli bir yol qət edilib. Bu, bölgədəki güc  nisbətini dəyişməkdə xüsusi bir amil kimi ortaya çıxır. Çünki Azərbaycan-Ermənistan münaqişəsi, Qarabağın işğalı, bölgədəki hərbi hərəkətlilik və qaynar nöqtələr Rusiyaya, sonra isə İran, Fransa və digər erməni havadarlarına imkan verirdi ki, Cənubi Qafqazın işlərinə qarışsınlar, pozucu  əməllər törətsinlər və öz regional təsirlərini qoruyub saxlamaq üçün həmin problemləri alət olaraq istifadə etsinlər. İndi bütün bu razılaşmalar və Ermənistanın Avropa Komissiyası ilə əldə etdiyi son qərarlar göstərir ki, status dəyişib və yeni reallıqlarda artıq üçüncü tərəflərin bölgəyə müdaxilə edə bilməyəcəyi bir situasiya formalaşır. Əgər  həqiqətən Vaşinqton razılaşmaları kağız üzərində yazıldığı kimi həyata keçirilərsə və Ermənistan üzərinə götürdüyü öhdəlikləri problemsiz və şərtsiz yerinə yetirərsə, bu, Qafqazda sülh və əmin-amanlığın inşasına gətirib çıxaracaq, Qafqaz ölkələrinin beynəlxalq tranzit imkanlarına qoşulmasına şərait yaradacaq. Bu, həm bölgənin dünya siyasətində əhəmiyyətini artıracaq, həm xalqların sosial rifahına müsbət təsir göstərəcək, həm də dövlətlərin güclü iqtisadiyyat quruculuğunda faydalı olacaq. Cənubi Qafqaz ölkələrinin, xüsusən də Azərbaycanın bu prosesin əsas aktoru olaraq dünya siyasətində önəmi daha da artacaq.
Digər məsələ üçüncü tərəflərin hərbi təsirləri nə qədər artıracağı məsələsinə. Əgər Ermənistan Zəngəzur koridorunun( Tramp yolunun) Ermənistandan keçən hissəsində Amerikanın hərbi qüvvələrini, hərbiçilərini və ya özəl hərbi şirkətlərini yerləşdirməzsə və yolun işləməsini Amerikanın nəzarətində sivil əsaslarla təmin edərsə, üçüncü tərəflərin hərbi təsir imkanlarının tamamilə aradan qalxdığından danışa bilərik.  Amma bölgədə Avropa Komissiyası çıxacaq və ya Rusiyanın, İranın hər hansı hərbi müdaxiləsi məhdudlaşdırılacaq, amma Amerika oraya hərbi qüvvə və ya özəl şirkət olaraq yerləşdirəcəksə, o zaman üçüncü tərəflərin hərbi təsir imkanlarının azalmasından danışmaq mümkün olmayacaq. Çünki belə halda Ermənistan bu dəfə Rusiya və ya İranı deyil, Amerikanın hərbi təsir imkanlarını bölgəyə gətirmiş olacaq. Bu da yol açılsa da, koridor işləsə də, beynəlxalq əlaqələr qurulsa da, zaman-zaman regional qarşıdurma riski daşıya bilər. Rusiya və İran bunu qəbul etməzlər və ya Ermənistana bunu edərsə, mütləq şəkildə reaksiyalar olacaq, Ermənistan cəzalandırıla bilər. Ona görə də, üçüncü tərəflərin hərbi təsir imkanlarının azalmasından danışırıqsa, heç bir halda heç bir tərəfin hərbi qüvvələrinin burada yerləşdirilməsinə razılıq verilməməlidir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31