“Pezeşkian: Normallaşma istəyi, mühafizəkar maneə” - ÖZƏL

İran Prezidenti Məsud Pezeşkianın ritorikası ölkənin xarici siyasətində yumşalma siqnalları kimi dəyərləndirilir. O, Azərbaycanın ərazi bütövlüyünə hörmət və ABŞ-İsrail qarşıdurmasının azalması yönündə mesajlar verir. Ekspertlərə görə, Pezeşkian regional təcriddən çıxmaq və diplomatik çevikliyi artırmaq istəyir. Lakin onun qarşısında mühafizəkar dairələr və daxili güc mərkəzləri dayanır. "Real İran" konsepsiyasının taleyi həm daxili, həm də beynəlxalq dəstəkdən asılı olacaq.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" İranın mövcud teokratik rejiminə və buradakı siyasi qüvvələrə baxdığımızda, iki əsas cərəyanın olduğunu görmək mümkündür. Birincisi, mühafizəkarlar, ikincisi isə islahatçılar adlandırılan şərti qanadlardan ibarətdir. İranın idarəçiliyində əsas söz sahibi mühafizəkarlar və onların lideri - dini lider Xamenei hesab olunur. Bu mühafizəkar kəsim İranın ictimai, siyasi və iqtisadi həyatına tamamilə hakimdir desək, yanılmarıq. İqtisadiyyatın təxminən 60 faizinə yaxın hissəsi onların əlindədir və onların əsas gücü də Sepahdır. Bir il öncə hakimiyyətə gələn Pezeşkian tamamilə fərqli şüarlarla irəli çıxdı. Artıq 40 ildən çoxdur ki, qonşularla problemi olan, onların daxili işlərinə proksi qüvvələr yerləşdirməklə təsirini artırmağa çalışan İran siyasətinin nəticələri ortadadır. Son iki ildə Həmas-İsrail savaşının başlanması İranın Yaxın və Orta Şərqdəki proksi qüvvələrinin dağıdılması, o cümlədən Bəşər Əsədin hakimiyyətdən devrilməsi və nəhayət, İranın İsrailin zərbələrinə məruz qalması bu siyasətin nəticəsi oldu.
Bu siyasətin sonunun necə olacağını təxmin etmək çətin deyil. Məhz Pezeşkian İranı bu vəziyyətdən çıxarmaq üçün seçki kampaniyası dövründə yeniliklər və qonşularla münasibətlərin normallaşması kimi siyasi layihələr irəli sürdü. İranın hakim elitasının Azərbaycana qarşı düşmən mövqeyindən fərqli bir mövqe sərgiləməsi, Pezeşkian tərəfindən real vəziyyətin düzgün qiymətləndirilməsi və dövrün çağırışlarının doğru oxunması kimi dəyərləndirilməlidir. Hazırda Pezeşkian həm Qərblə münasibətlərin normallaşmasına, həm də dialoqa açıq olmasına dair verdiyi bəyanatlarla diqqət çəkir. Azərbaycan və digər qonşularla münasibətlərin normallaşması istiqamətində səsləndirdiyi fikirlər və atdığı addımlar da pozitiv qarşılanmalıdır. İranda buna müqavimət olacaqmı? Əlbəttə ki, olacaq. Artıq mühafizəkar kəsimlərin Pezeşkiana qarşı hücumlarını müşahidə edirik. Onlara bağlı media orqanlarında, ekspertlər, deputatlar və digər rəsmi şəxslər Pezeşkian mövqeyinə qarşı çıxışlar edirlər. Amma hesab edirəm ki, islahatçılar bu dəfə daha ciddi müqavimət immunitetinə malikdirlər. Çünki Pezeşkian İran əhalisinin əhəmiyyətli hissəsinin, xüsusilə də hüquqları pozulmuş digər xalqların və etnik qrupların dəstəyini qazanıb. Bu baxımdan Pezeşkian öz siyasi xəttini həyata keçirmək üçün ciddi səy göstərəcək. İran kifayət qədər mürəkkəb və anlaşılması çətin bir ölkədir. Amma düşünürəm ki, hazırda Pezeşkian ictimai dəstək baxımından mühafizəkarlardan daha üstün vəziyyətdədir. Bu günkü vəziyyətdə İranın qonşularla problemlərini yaradan, başqa ölkələrin daxili işlərinə qarışan və terrorizmə dəstək verən siyasi xəttin iflasa uğradığı açıq görünür. Böyük-böyük bəyanatlar verən həmin dəstənin nümayəndələri 12 günlük İsrail-İran savaşı zamanı bunkerlərdə gizlənmişdilər. İndi isə maraqlıdır ki, həmin bunkerlərdə gizlənənlər üzə çıxaraq, o vaxt döyüş meydanında olanları ittiham etməyə çalışırlar.
Bu, İran cəmiyyətinin diqqətindən yayınmayacaq. Məncə, hazırda İran cəmiyyətində islahatçı cərəyanın dəstəyi daha çoxdur". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31