Akopian: “Azərbaycanla münasibətlərin qurulması üçün ilk addımları atmalıyıq” – ÖZƏL
16:01 SiyasətErmənistan parlamentinin Xarici əlaqələr daimi komissiyasının üzvü, hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatı Asmik Akopian bildirib ki, Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Bəyanatda həm Ermənistan, həm də Azərbaycan ikitərəfli münasibətləri qurmağa hazır olduqlarını təsdiqləyiblər.
Olaylar.az xəbər verir ki, o, "NEWS.am"a açıqlamasında qeyd edib ki, söhbət təkcə iqtisadi deyil, həm də ictimai, idman və mədəni əlaqələrdən gedir:
"Biz bir yerdən başlamağa məcburuq. Bu asan olmayacaq, amma öhdəliyimiz var - cəmiyyətlərimizi buna hazırlamalıyıq. Qoy bu, bu gün yox, bir neçə ildən sonra olsun. Ancaq biz övladlarımız və nəvələrimiz üçün sülhün təməlini qoyuruq".
Deputat etiraf edib ki, bu addımlar yeni tənqid dalğasına səbəb ola bilər, lakin onların düzgünlüyünə əmin olduqlarını deyib: "Arxamızca qışqıran səslər bizi dayandırmayacaq. Əsas odur ki, real sülh əldə edək. Buna tədricən yanaşmaq lazımdır".
Akopian həmçinin vurğulayıb ki, müvafiq platformaların təqdim edilməsi imzalanmış sənəddə də nəzərdə tutulur və hər iki tərəf bu istiqamətdə addım atmağa hazırdır. O, hələ ki, qarşılıqlı turist səfərlərinin, birgə tədbirlərin və yaxın dostluq münasibətlərinin gündəmdə olmadığını qeyd edib, amma sovet dövründə ermənilərlə azərbaycanlıların qonşuluqda yaşadıqlarını xatırladıb.