Səhiyyə Nazirliyindən botoks və dolğularla bağlı XƏBƏRDARLIQ

Bəzi özəl tibb müəssisələrində "Botulinum toksini" (botoks), estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və mezopreparatlar (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunur.

Olaylar.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli 345 nömrəli Qərarına əsasən, bütün dərman və tibb vasitələri (o cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə idxal oluna bilər. Qeydiyyatsız preparatların idxalı və istifadəsi qanunla qadağandır.

"Mənşəyi məlum olmayan bu maddələr insan sağlamlığı üçün ciddi risk yaradır: ağır allergik reaksiyalar, sinir sistemi və dəri zədələnmələri, digər ciddi fəsadlar mümkündür. Tibbi və kosmetoloji prosedurlar yalnız lisenziyalı tibb müəssisələrində, müvafiq ixtisasa malik həkimlər tərəfindən icra edilməlidir.

Vətəndaşlara tövsiyə olunur:

Yalnız dövlət qeydiyyatlı məhsullardan istifadə edən klinikalara müraciət edin.
Sosial şəbəkələrdə reklam olunan ucuz prosedurlara qarşı ehtiyatlı olun.
İstifadə edilən preparatın adını, istehsalçı ölkəsini, uyğunluq sertifikatını və qeydiyyat vəsiqəsini tələb edin.

Qanunsuz və qeyri-peşəkar prosedurlar sağlamlığınıza ciddi ziyan vura bilər.

AEM vətəndaşlara tövsiyə edir:

Vətəndaşlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyət, şikayət və ya pozuntularla bağlı aşağıdakı vasitələrlə məlumat verə bilərlər:

"Bir Pəncərə" sektoru
Qaynar xətt: (012) 596 05 20
E-poçt: [email protected]
Rəsmi sayt: www.pharma.az ("Müraciət" bölməsi)

Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31