Ermənistan ŞƏT-ə üzv olmağa tələsir
10:05 SiyasətSiyasi təhlilçi hesab edir ki, əsas səbəb birbaşa Zəngəzur dəhlizi ilə bağlıdır
"Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciət edib. Çin bu il ŞƏT-ə sədrlik edən ölkə kimi bu prosesi fəal şəkildə təşviq edəcək". Bunu Çinin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Li Sinvey deyib. Çin səfiri nitqində Çin və erməniləri "qədim sivilizasiya xalqları" adlandırıb.
Ermənistanın həm Avropa İttifaqına, həm ŞƏT-ə üzv olmaq istəyi haqlı suallar doğurur. "Biz ŞƏT-ə daxil olmaq üçün müraciət etmişik və bu, bizim balanslaşdırılmış yanaşma siyasətimizin məntiqinə uyğun gəlir". Baş nazir Nikol Paşinyan belə deyib. O, ŞƏT-ə KTMT-yə üzv ölkələrin də daxil olması barədə suala birmənalı cavab verməyib.
Siyasi baxımdan ŞƏT-ə üzv olmaq Ermənistan üçün mühüm addım olacaq, onun beynəlxalq subyektivliyini gücləndirəcək. Çin, Rusiya, Hindistan və İran kimi güclərlə eyni masa arxasında duran İrəvan öz mövqeyini çatdırmaq və maraqlarını yüksək səviyyədə müdafiə etmək üçün əlavə kanal əldə edəcək. Onun fikrincə, suverenliyə qarşılıqlı hörmət və təhlükəsizlik sahəsində əməkdaşlıq prinsiplərini bəyan edən təşkilatda iştirak dolayısı ilə Ermənistanın təhlükəsizlik hissini gücləndirə bilər.
Ekspertlər hesab edir ki, iqtisadi baxımdan üzvlüyün təsiri tədricən, lakin nəzərəçarpan ola bilər. ŞƏT ölkələri birlikdə qlobal iqtisadiyyatın mühüm hissəsini təşkil edir və Ermənistan Avrasiya məkanında yeni bazarlara və investisiya layihələrinə çıxış əldə edəcək. Bəzilərinin Qərblə Rusiya arasında "tərəqqi" hesab etdiyi Ermənistan üçün bu, Avrasiya birliyində möhkəmlənmək niyyətindən xəbər verir. Çin, Rusiya, Hindistan və digər böyük dövlətlərin bayraqlarının yanındakı Ermənistan bayrağı daxili auditoriya üçün güclü imicdir. Ermənistan beynəlxalq arenada müstəqil oyun oynadığını və təcrid olunmuş autsayderə çevrilmədiyi mesajını da vermək istəyir.
Yada salaq ki, ötən ilin avqustunda Bakı ŞƏT-dəki "dialoq tərəfdaşı" statusunun "müşahidəçi" statusuna dəyişdirilməsi üçün müraciət edib. Bu, potensial olaraq, tamhüquqlu üzvlük yolunda bir mərhələdir. Bu addım toplusu bütövlükdə Rusiya 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan bəri Çinin regionda investor və ticarət tərəfdaşı kimi artan nüfuzunun göstəricisidir. Belə bir şəraitdə Ermənistanın ŞƏT-ə inteqrasiyasına Çin kimi bir dövlətin dəstək verməsi nə dərəcədə düzgün sayıla bilər?
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı müraciəti birbaşa Zəngəzur dəhlizi ilə bağlıdır:"Yaxın aylarda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması yolunda ciddi addımlar atılacaq. Hətta sülh sazişindən öncə Zəngəzur dəhlizinin açılması gözlənilir. Bu da o deməkdir ki, bu ilin sentyabr-dekabr periodunda Zəngəzur dəhlizi açıla və fəaliyyətə başlaya bilər. Bir sözlə, 2026-cı ildən bu dəhlizin fəaliyyətə başlaması istisna deyil. İrəvan da bu baxımdan Pekinlə iqtisadi əlaqələri daha da dərinləşdirmək niyyətindədir. Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük Ermənistana əlavə dividentlər gətirəcək. Ermənistan hökuməti iqtisadi böhrandan çıxmaq üçün Çinlə yaxınlaşmağı və ŞƏT-in tərkib hissəsi olmağı qarşısına məqsəd qoyub. Çin də bu məsələdə maraqlıdır. Pekin Kremli İrəvandan vurub çıxarmaq və iqtisadi layihələrlə Güney Qafqazda möhkəmlənməyə can atır. Bu, hazırkı mərhələdə Ermənistanın da xeyrinədir. İrəvan Moskvanın caynağından qurtulmağa cəhd göstərir. Amma İrəvan ŞƏT-ə üzv olarsa, Ermənistanın Avrasiya Gömrük İttifaqındakı statusu laxlaya bilər. Doğrudur, Rusiyada Ermənistanın Qərbə doğru siyasi, Şərqə doğru iqtisadi həmlələrini yaxından izləyirlər. Görünən odur ki, Kreml yaxın vaxtlarda Ermənistana qarşı kəskin addımlar atacaq. Fəqət, indiki mərhələdə hələ ki bütün oyunçular səbrlə hadisələrin axarını gözləyirlər. Çin "Bir kəmər - bir yol" layihəsi üzərindəki bütün dövlətləri öz iqtisadi qanadları altına almaq istəyir. Azərbaycan da ŞƏT-in imkanlarından öz mənfəətləri çərçivəsində yararlanmaq niyyətindədir. Görünən odur ki, Rusiyanın hərbi dilinin kəsilməsi fonunda regiona yeni iqtisadi güc - Çin hakimlik edəcək. Bunun bizim üçün başlıca üstünlüyü Güney Qafqaz regionuna uzunmüddətli sülhün gəlməsidir".
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov burada bir vacib amili önə çəkərək, Ermənistanın Çin üçün cəlbedici olmadığını qeyd etdi:"Ermənistan eyni vaxtda bir-biri ilə rəqib olan, ayrı-ayrı qütbləri özündə birləşdirən Aİ-nin, Aİİ-nin, ŞƏT-in üzvü olmaq istəyir. Bunu da balanslaşdırma siyasəti ilə izah etməyə çalışır. Halbuki hazırkı dönəmdə həmin təşkilatlar nəinki rəqabət aparmırlar, hətta kəskin qarşıdurmadadır. Ermənistan üçün ən böyük bazar Aİİ olmasına baxmayaraq, bu təşkilata alternativlərlə çıxış axtarılmasını əslində İrəvanın özünü vacib oyunçu kimi göstərmək və regional əhəmiyyətini qabartmaq cəhdi kimi də izah etmək olar. Ermənistan çalışır ki, Qlobal Şimal və Qlobal Cənub arasında özünü körpü kimi təqdim etsin. Lakin onun belə bir imkanlara malik olması mümkün deyil. Çünki nə coğrafi, nə strateji, nə kommunikativ, nə də təbii resursları buna imkan vermir. Dənizlərə çıxışı yoxdur, transmilli nəqliyyat və enerji layihələri üzərindən keçmir. İrəvan Türkiyə və Azərbaycandan asılı vəziyyətdədir. Ermənistanın dünyaya çıxışı məhz Azərbaycan və Türkiyədən asılıdır. Ona görə də İrəvanın ŞƏT-ə açılması ehtimal edilən qapısı da hər iki qonşusu ilə quracağı münasibətdən asılı olacaq. Aydındır ki, Avropatlantika məkanına inteqrasiya xətti nümayiş etdirən Ermənistanın bu ideyasına qovuşacağı utopiyadır. Ən azından ona görə ki, Moskvadan iqtisadi-siyasi asılılığı və başlığı qoparsa, hətta mövcudluğu sual altına düşər. ŞƏT-də dominantlığı Çinin etdiyini nəzərə alsaq, burada da, məncə, İrəvan üçün perspektiv görmürəm. Çin perspektivli və strateji məqsədlərə investisiya yatırır. Ermənistan bu baxımdan Çin üçün cəlbedici deyil. Müşahidəçi statusu müraciəti hələ bu quruma təmsil olunmaq yolunu açmaq anlamına gəlmir. Nəzərə almaq lazımdır ki, Çinlə Hindistan artıq iki böyük rəqibdir. Hindistan daha çox Ermənistanla əməkdaşlığa maraq göstərirsə, Çin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə üstünlük verir. Deməli, Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin getdikcə sürətlənməsi çoxvektorlu siyasətin də gerçəkləşməsinə səbəb ola bilər".
(Musavat.com)