Cənubi Koreya Şimali Koreya ilə sərhəddəki təbliğat səsgücləndiricilərini sökdü - ÖZƏL
6 Avqust 11:52 DünyaCənubi Koreya Silahlı Qüvvələri Şimali Koreya ilə sərhəddə yerləşdirilmiş stasionar təbliğat səsgücləndiricilərinin demontajını başa çatdırıb. Olaylar.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi orduya istinadən məlumat yayıb.
Məlumata görə, 5 avqustda 20 ədəd səsgücləndirici tamamilə sökülüb. Bu işlərə 4 avqustda başlanılıb. Cənubi Koreya Müdafiə Nazirliyi bu addımın Seul və Pxenyan arasında gərginliyi azaltmaq məqsədi daşıdığını bildirib. Hazırda Şimali Koreya tərəfindən bu cür qurğuların sökülməsi ilə bağlı hər hansı addım müşahidə olunmayıb.
Qeyd edək ki, Cənubi Koreya tərəfinin ixtiyarında hələ də mobil səsgücləndirici retranslyatorlar var.
Xatırladaq ki, iyunun 11-də vəzifəsinin icrasına yeni başlayan prezident Li Çje Myon təbliğat məqsədli səsgücləndirici yayımın dayandırılması barədə göstəriş vermişdi. Həmin yayım proqramına xəbərlər, Şimali Koreya rejiminə tənqidlər, Cənubi Koreya pop musiqisi və hava proqnozları daxil idi. Bu addımdan sonra Şimali Koreya da qarşı tərəfə səs yayımını dayandırmışdı.
Bundan əlavə, 21 iyulda Cənubi Koreya Milli Kəşfiyyat Xidməti onilliklərdir Şimali Koreya istiqamətində yayımlanan bəzi radio stansiyalarının fəaliyyətini dayandırıb.