Kremlin iki ölkə münasibətlərinə reaksiyası o deməkdir ki, bu gərginlik hələ uzun müddət davam edə bilər
Rusiya ilə Azərbaycan arasında 7 ay əvvəl AZAL təyyarəsinin vurulmasından sonra başlayan gərginlik davam edir. Müttəfiq kimi görünən iki dövlət arasında qarşıdurmanın qızışdırılmasında "ilk skripka" rolunu Rusiya mediası götürüb.
Avqustun 1-də yayımlanan "Besoqon TV" verilişinin yeni buraxılışında məşhur rusiyalı rejissor Nikita Mixalkov açıq şəkildə Azərbaycana qarşı təbliğat xarakterli hücumlar edib. Bəllidir ki, son illər Mixalkov Kremlin ideoloji gündəminə xidmət edən əsas simalardan birinə çevrilib. O, verilişinin son buraxılışında Azərbaycanı "nankor" postsovet respublikası kimi təqdim edərək ölkə haqqında bir sıra yalan və təhrif olunmuş ifadələr səsləndirib. O cümlədən süjetdə AZAL-a məxsus mülki təyyarənin Rusiya ərazisi üzərində vurulması ilə bağlı insident, Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq halları xatırladılır, rəsmi Moskvanın heç bir məsuliyyət daşımadığı vurğulanır. Bundan başqa, Azərbaycan Prezidentinin ünvanına təhqiramiz ifadələr səsləndirilib, Şuşa media forumu ilə bağlı məlumatlar kontekstdən çıxarılıb. Mixalkovun çıxışı Kremlin informasiya siyasətinin ümumi xəttini əks etdirir və məqsədyönlü şəkildə azərbaycanofobiyanın səpilməsindən xəbər verir ki, bu da iki ölkə arasında münasibətlərdə yalnız gərginliyi artırır.
Kreml bu hadisələri "üç meymun"u oynayıb, görməzdən gəlirsə, bu o deməkdir ki, gərginlik hələ uzun müddət davam edə bilər.
Azər Badamov
Bu ilin mayında heç bir əsas olmadan Rusiyadan deportasiya edilən, deputat Azər Badamov "Yeni Müsavat"da bir sıra vacib məqamlara aydınlıq gətirdi: "Rusiya uzun illər Azərbaycan torpaqlarında erməni separatçılarının əli ilə təsir imkanlarını qorumağa çalışdı. Əslində Qarabağa ermənilərin köçürülməsi və orada "Dağlıq Qarabağ" adında bir qara yaranın yaradılmasında məqsədləri Azərbaycanı erməni separatizmi kartı üzərindən təzyiq altında saxlamaq olub. Sovetlər dağılanda Rusiyanın ssenarisi ilə ərazilərimiz işğal olundu və həmin ərazilərimizdəki dini, tarixi, mədəni irsimizi sildilər. Amma yenə də heç nə olmamış kimi qəbul olunurdu və ermənilərə güldən ağır söz deyilmirdi. Azərbaycanın ərazi bütövlüyü BMT-də qəbul olunduğundan ərazi bütövlüyünün təmin olunması ilə bağlı məsələni beynəlxalq platformalarda çağırışlarla qlobal gündəliyə çıxartdıqdan sonra ATƏT-in Minsk Qrupu yaradıldı və bu təsisat guya ki, BMT TŞ-nin qətnamələrinin icra etdirilməsinə kömək etməli idi. Əksinə, burada təmsil olunan hər üç dövlət eyni məqsəd ətrafında birləşmişdi. Əsas məqsəd Azərbaycan xalqını işğalla barışdırmaq və münaqişəni əbədi olaraq dondurmaq idi. Prezident İlham Əliyev bütün tribunalardan xalqımızın işğalla barışmayacağını və münaqişənin hərbi siyasi yollarla həll olunmalı olduğunu bildirirdi. Nəhayət, 27 sentyabr 2020-ci ildə münaqişənin həllində heç kimin gözləmədiyi yeni bir səhifə açıldı. Azərbaycan Ordusu 44 gündə öz ərazilərini döyüş meydanında işğalçılardan azad etdi. 44 gün ərzində torpaqlarımızda suverenliyimizi təmin etdiyimizə görə Rusiya yenidən məsələyə müdaxilə edərək gündəliyə üçtərəfli sənədin imzalanmasını gətirməklə yenə də Qarabağda separatçıların qalması üçün əsaslar yaratmağa çalışdı. Ona görə də sülhməramlı adı altında ərazilərimizə hərbi kontingenti gətirərək erməniləri yenidən silahlandırmağa və onların mövqelərini möhkəmlətməyə başladı. Həm də Azərbaycanın suveren ərazilərində dövlətimizin icazəsi olmadan özbaşına ayvazovskilərin büstlərini ucaltmağa və binalar tikib yenidən kök salmağa çalışdılar.
Amma dövlət başçımızın uğurlu siyasəti qarşısında erməni separatizminin heç bir mövqeyi dözmədi və özləri öz xahişləri ilə ərazilərimizdən çıxmaq üçün təhlükəsiz yol istədilər. Azərbaycan ermənilərə heç bir yerə getməyə ehtiyacın olmadığını və vətəndaşlığımızı qəbul edib orada qalmalarını təklif etdi. Lakin onlar təklifimizi rədd edərək Ermənistana köçdülər. Yaxşı ki, özlərinin xahişi ilə rədd oldular. Ermənisiz qalan Rusiyanın sülhsüz məramlıları da ərazilərimizdən çıxmağa məcbur oldular. Yəni Rusiya uzun illər ssenarisinin pozulmasının qəzəbini hansısa yollarla Azərbaycandan çıxmalı idi. Bu da AZAL-a məxsus sərnişin təyyarəsi ilə başlandı. Fevral ayında media orqanlarımızın saytlarına kiberhücumlar, may ayında mənim - Milli Məclisin deputatının heç bir əsas olmadan deport edilməsi və sonradan Yekaterinburqdan başlayaraq Azərbaycan diasporuna qarşı həbslər elə eyni ssenarinin tərkib hissəsidir". Qanunverici orqanın təmsilçisi daha bir vacib məqama da toxundu: "Xankəndi Azərbaycanın suveren ərazisindəki inzibati ərazidir. Bu şəhərdə Azərbaycan dövlətinin icazəsi olmadan tikilən nə varsa sökmək təbii ki, haqqımızdır. Nəinki Ayvazovskinin büstü, "Bizim dağlar" və separatçılığın nişanəsi olan bütün digər tikililər sökülməlidir. Bunun Rusiyaya heç bir aidiyyəti yoxdur. Azərbaycanın öz ərazilərində suverenliyinin təmin edilməsinə qəzəbi soyumayan Rusiya dövləti indi də media resurslarına, mixalkovlara, şvidkoylara Azərbaycana hücum etmək əmri verib. Təbii ki, belə ssenarilər Azərbaycana qarşı işləməz. Rusiya dövləti yaxşı olardı ki, Azərbaycana təzyiq göstərmək niyyətindən əl çəksin və ən azından qonşuluq münasibətlərinə hörmətlə yanaşaraq yaranmış yeni reallığı qəbul etsin".
Çingiz Şahbazi
Politoloq Çingiz Şahbazi isə hesab edir ki, Azərbaycanın gücü artdıqca bunu istəməyənlər daha çox məyus olacaqlar: "Rusiya və Azərbaycan arasında hazırda baş verənlər əslində Azərbaycan tərəfinin məlum AZAL şirkətinə aid təyyarəmizin Rusiya səmasında bilərəkdən vurulmasından sonrakı təkidi, duruşu və tələbləri əsasında qürub etməyə başladı və daha sonra isə Rusiyanın siyasi hakimiyyətinin dırnaqarası siyasətçiləri, jurnalistləri və hökumət təmsilçilərinin, hər zaman olduğu kimi, ağıllarına gələni danışmaqla, mesajlar göndərməklə, Azərbaycanın Rusiyanın qarşısında sərgilədiyi cəsarətli mövqeyi əsassız şəkildə tənqid və qeyri-etik şəkildə təhqir kampaniyası halına gətirməklə guya cavab verməklə məşğuldurlar. Azərbaycana qarşı ağızlarına gələni danışmaqla, təki qarşı tərəfi qıcıqlandırmağa, qorxutmağa nail olmağa müyəssər olsunlar və Kremlin bütün dönəmlərdə olduğu kimi, həyata keçirdiyi cinayət dolu siyasətini və bu siyasətin nəticəsində həyata keçirilən çirkin planlarını ört-basdır etməklə bir daha sübut etdilər ki, Rusiya üçün dostluq və müttəfiqlik anlayışı yoxdur. Rusiya terrorizmə, separatizmə və işğala meylli və bu istiqamətdə işlər çevirən, dəstək verən ölkə halına gətirilib. Bu səbəbdən, Ukrayna cəbhəsində Rusiyanın başına gətirilənlər və Rusiyanın zəifləyərək əldən düşmüş vəziyyətə gəlməsi hər kəs üçün vazkeçilməz diləkdir. Bu da Rusiyanın qeyri-səmimi siyasətindən və hər kəslə qurduğu düşmən mövqeyi ilə bağlı bir durumdur. Nikita Mixalkov, Zatulin, Solovyov kimi Kreml nökərlərinin işi-peşəsi bundan ibarət olub və bundan sonra da dağılana qədər belə davam edəcək. Azərbaycan inkişaf etdikcə, regionda və dünyada söz sahibinə çevrildikcə bunlar daha çox məyus olacaqlar".