Səbirli diplomatiya, dəyişməyən tələb: Azərbaycan öz torpaqlarını istəyir - ÖZƏL
31 İyul 15:38 Siyasət"Azərbaycan, əlbəttə ki, bütün işğal olunmuş ərazilərini geri tələb edib - 30 il əvvəl də bu tələb vardı, 2020-ci ilə qədər də səsləndirilirdi və ondan sonra da qalan müəyyən ərazilər hələ də tələb olunur. Bu məsələlər hələ də müzakirəyə açıqdır. Bunlar tələbdir, bunlar şərtdir. Bu, beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün irəli sürülən şərtdir".
Bu fikirləri politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq "Azərbaycan heç bir tərəfin təzyiq və pozucu fəaliyyətlərinə boyun əyməyəcək və öz ərazilərini tələb etməyə davam edəcək"-deyə, qeyd edib:
"Burada Rusiyanın, İranın, Qərb və ya Şərqin nə dediyinin o qədər də önəmi yoxdur. Niyə? Çünki Azərbaycanın ən zəif vaxtlarında belə, biz Rusiya, İran və digər dairələrin pozucu fəaliyyətlərinə sinə gərmişik. Otuz ilə yaxın bir müddətdə özümüzü toparlayıb Vətən müharibəsi kimi parlaq bir zəfərlə ərazilərimizi işğaldan azad etmişiksə, bundan sonra da Azərbaycan heç bir tərəfin təzyiq və pozucu fəaliyyətlərinə boyun əyməyəcək və öz ərazilərini tələb etməyə davam edəcək.
Təbii ki, Azərbaycan tərəfi hazırda istəyir ki, qalan əraziləri hərbi yolla - müharibə və ya antiterror əməliyyatları ilə deyil, sakit şəkildə, diplomatik yolla geri alsın. Və nəzərə alsaq ki, hazırda masa arxasındakı danışıqlarda Ermənistan tərəfi ilə müəyyən uğurlar əldə edilir, bu da ümid verir. Artıq beynəlxalq hüququn baza prinsipləri qarşı tərəfə çatdırılır və görünür ki, Ermənistan rəhbərliyi də sabitlik və regional əməkdaşlıq mövqeyindən çıxış etməyə başlayır. Buna görə də Azərbaycan tərəfi tələsmir. Güc tətbiqi məsələsini hələlik ikinci plana atıb və öncəlik olaraq diplomatiyaya, sabitliyə, rifaha, əməkdaşlığa və masa arxasında razılığa üstünlük verir. Hazırda səbirli olmaq lazımdır. Əgər bu səbrin sonunda Ermənistan tərəfi, Qarabağda olduğu kimi, əraziləri sivil yollarla verməkdən imtina edərsə, o zaman Azərbaycan tərəfi yenidən güc tətbiq edə bilər və pozulmuş hüquqlarını bu yolla bərpa edə bilər.
Rusiya məsələsinə gəldikdə isə, bəli, Rusiya regionda sülh istəmir. Bu, tarixən də belə olub, indi də belədir. Rusiya bölgəyə nüfuz etmək üçün həmişə qaynar nöqtələr yaratmaq və onları qaynar saxlamaq siyasəti yürüdür. Bu günkü gündə biz bu siyasəti daha bariz şəkildə müşahidə edirik. Ona görə də Azərbaycan-Ermənistan danışıqlarında Rusiyanı prosesdən kənarda saxlamaq lazımdır. Ümumiyyətlə, Rusiyanı tərəf kimi - sabitləşdirici və ya sülhpərvər bir tərəf kimi görmək düzgün deyil. Onu bu prosesdə pozitiv faktor kimi qəbul etmək əslində yanlışdır. Amma söhbət hələ də Ermənistanın nəzarətində qalan Azərbaycan torpaqlarından gedirsə, bu zaman Rusiya faktorunu unutmamaq lazımdır. Çünki Rusiya bu ərazilərin geri qaytarılmasının tərəfdarı olmayacaq. Niyə? Çünki ərazilər qaytarılsa, Azərbaycan-Ermənistan münasibətləri normallaşa bilər və bu halda Rusiya daha bir təsir imkanını - əlində olan "pozitiv fəaliyyət" imkanını itirmiş olacaq. Bu səbəbdən də Rusiya bu proseslərin içində qalmaqda maraqlıdır. Lakin məhz bu nöqtədə - yəni, qalan ərazilərlə bağlı məsələdə - Azərbaycan Rusiya faktorunu Ermənistanla münasibətlərdən kənar tutmağa çalışmalıdır. Beləliklə, diplomatiyanın üstün gəldiyi bir situasiya formalaşa bilər".
Zeynəb Mustafazadə