Biz indi onlardan 100 il qabaqdayıq

(Üzeyir Hacıbəylinin 140 illiyinə dördüncü yazı)

Salam olsun, çox dəyərli oxucum!  Söhbətimizə qaldığımız yerdən davam edək. Miniatürlər barədə çox nigaran qaldım. Ələlxüsus çox istərdim ki, "Qarabağda yer məsələsi" miniatürünü hamı mütləq oxusun. Çünki, miniatürün adı Qarabağla bağlı olsa da, əslində bu məsələ haliyədə bütün ölkəmizdə aktual və vacib problemlərdən biri olaraq qalmaqdadır. Yazı-pozu əhli də tez-tez iştirakçısı olduğu məclislərdən sonra bu məsələni əllərində olan vasitələrin köməyilə gündəmə gətirməyə çalışırlar. Ancaq necə deyərlər; "Dəyirman öz bildiyin edər, çax-çax baş ağrıdar". Və beləliklə görkəmli ədib Üzeyir Hacıbəylinin  "Qarabağda yer məsələsi" miniatürünü olduğu kimi sizə təqdim edirəm:

"-Kərbəlayı Kərim, sən dur yuxarıdan otur!

-Yox, Məşədi Cəlil, elə bura yaxşıdır.

-Yox, sən öl olmaz, dur bəri otur!

-Zəhmət çəkmə, Məşədi Cəlil, vallah mənə bura yaxşıdır.

-Əşi, bircə sən ayağa dur! Bircə ayağa dur! Belə, di indi bəri otur, helə. Bir az da bəri, mən ölüm bir az da bəri, sən Həsənin canı, bir az da bəri sürünçün, helə! Bax, indi ürəyim arxayın oldu.

-Həsənbala kişi, sən zəhmət çək dur bu aşağıda otur, bura Kərbəlayı Heydərin yeridir. Bir az da aşağı, bir azca da aşağı, bir xırda da yanını aşağı elə, atan olsun rəhmətlik! Yaxşıdır, elə orada otur. Hər məclisdə, gərək, bir qayda-qanun olsun; daha ondan aşağı yenmə, elə deyil, molla Vəli?

-Əlbəttə. Qayda və qanundan başqa bir də burada ədalətə riayət olunur ki, hamısından vacib odur!"

Sözün əsl mənasında böyük söz ustadı bir neçə cümləlik miniatürlə demək olar ki, o gündən bu gün məclislərimizin bəzəyi olan bu gözəl adətimizi bütün çılpaqlığı ilə gözlər önünə sərir, mahiyyətini açlb göstərir. "Kərbəlayı"ların yerinə istənilən bir  vəzifəli və ya  titullu müasirlərimizi, "Həsənbala kişi"lərin yerinə isə sıradan olan hər birimizi qoyduqda qalan kəlmələr pazl hissəcikləri kimi yerinə elə oturur ki, deyirsən, ilahi, bu nə möcüzədir...

Dəyərli oxucum, miniatürlər barədə danışanda əvvəlki yazımda təqdim etdiyim nümunələrdən də aydın görünür ki, müəllifin miniatür adlandırdığı əsərləıri forma və quruluş baxımından olduqca müxtəlifdir. Təqdim etdiyim və etmədiyim nümunələrə nəzər saldıqda görürük ki, miniatürlərin də əksəriyyəti quruluşca kiçik pyes formasında olsa da, Üzeyir bəy onları səhnəcik deyil, məhz miniatür adlandırıb, bu janıra aid edib.

Səhnə - tamaşa göstərməyin tarixi mən deyərdim ki, (subyektiv olaraq) elə insanın yaranışı - fəaliyyəti ilə birgə başlayır. İlk ovunu edən insan, ilk rastlaşdığı həyəcanlı səhnəni digərlərinə anladan ilk şəxs elə ilk səhnə (səhnəcik) göstərən, səhnəcik yaradan olub desək, yanılmarıq. Ardınca fəaliyyət sahəsini genişləndirib əkinçiliklə məşğul olan insanlar isə ta qədimdən bu günümüzə qədər yaşayan müxtəlif, tamaşaları, mətnləri, nəğmələri yaratdılar. Mən 1975-ci ildə anadan olmuşam. Tarixi ilə dəqiq yadımda qalan ilk gün 1979-cu ilin "Qarqara çıxılan günü" (Novruz bayramı günü)dür. İlk gördüyüm müəllifi və rejissoru xalq özü olan bu böyük masştablı (iştirakçısı yüzlərlə könüllü oyunçular olan tamaşa və səhnəciklər) tamaşa (səhnə və səhnəciklər) ilə də məhz həmin gün tanış oldum. Bu məlumatın üstünə bir də sonrakı illərin Aşura günlərini, Novruz bayramlarını və yuxarı sinif şagirdlərinin kəndin (Ağdam rayonu, Yusifcanlı kəndi, 1981- 1991-ci illıər) klubunda görkəmli ədiblərimizin  (Üzeyir bəyin komediyalarından hissəciklər də daxil olmaqla) əsərlərindən seçib səhnələşdirdiyi parçaları gəlincə demək olar ki, səhnəciklərlə böyüyüb, onların təsirində milli - mənəvi cəhətdən bir şəxsiyyət kimi formalaşmışıq. Bu yaxınlarda Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə işıqüzü görmüş, tərtibçiləri  pedaqogika elmləri doktoru, professor Akif Nurağa oğlu Abbasov, pedaqogika üzrə fəlsəfə doktoru  İradə Böyükağa qızı Əmirəliyeva, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Akif qızı Məmmədli  olan Üzeyir Hacıbəyli  "Seçilmiş pedoqoji əsərləri" kitabında da tərtibçilər Üzeyir bəyin məhz milli-mənəvi dəyərlərin formalaşması yönündə göstərdiyi xidmətləri qabartmağa çalışmış, zamanın fövqündə şəstlə dayanmış, həmişə müasir olan əsərlərini tədqiq və təbliği baxımından çox mühüm bir işə imza atmışlar. Söz pedoqoji fəaliyyətdən düşmüşkən Üzeyir Hacıbəylinin publisitik məqalələrində, miniatürlərində məktəb, müəllim, şagird, dərs məsələsi həmişə öndə gəldiyi kimi, "Müəllimlər ictimaı", "Dərs" və "Ata və oğul"  səhnəciklərində anoloji məsələ qırmızı xətt kimi keçir. Bütün bəlaların kökünü çəhalətdə görən görkəmli maarifçi ədib kitab, dərs, məktəb, şagird, müəllim, xəsət, həkim, xəstəxana, dövlət idarələri, məmumrlar məsələsini həmişə vacib hesab etmiş yaratdığı əsərlərin  növ.  janrından asılı olmayaraq, olduqca müxtəlif üsul və metodlarla tərbiyə etməyə, öyrətməyə, oyatmağa çalışmışdır. Günümüzdə də ən yüksək səviyyədə elm - təhsil sahəsində yenilikçi addımlar atılır, mühüm dəyişikliklər astanasında olduğumuzu hiss edirik. Hərtərəfli mövzunun aktuallığını nəzərə alaraq Üzeyir bəyin "Dərs" səhnəciyindən bəzi məqamları diqqətinizə təqdim etməyi özümə borc bildim:

"DƏRS

"Müəllimlərə yetmiş beş manat pul bolbur." Şəhər idarəsi

"Müəllimlər öz işlərini qoyub özgə işlərlə məşğul olurlar." Boşboğazlar

Müəllim (klasa daxil olarkən).

...(On beş manat dükançı Cəfərə) ... Oturun!... (on bir manat yarım da çörəkçi Vəliyə) ...Duanı oxuyun görüm! (Bu elədi iyirmi altı manat yarım)...Çox yaxşı (On səkkiz manat. Ev yiyəsi... Keçən səfər üç manat borclu qalmışdım... bu elədi). ...kim dərsini deyər? (Bu elədi). Oxu görüm! (İyirmi manat, o da qırx manat yarım)... Həsən düz otur, biclik eləmə! (Qəssaba gərək verəm on iki manat, beş şahı)... Otur yerə, indi sən oxu.

Şagird - Bir gün Həsən atasına dedi ki, ata, mənə də çeşmək al, mən də sənin kimi, kitab oxuyum.

Müəllim (Öz-özünə). Budur, bizim Məcid neçə vaxtdan bəri yalvarır ki, ata,  mənə bir çəkmə al, yazıq lap ayaqyalındır... Amma hanı pul?!"

Tövsiyə edirəm ki, imkan daxilində mütləq Üzeyir Hacıbəylinin "Dərs" səhnəciyinin tam mətni ilə mütləq tanış olun. Maraqlısı odur ki, Üzeyir bəyin də dönə-dönə müxtəlif əsərlərində vurğulayıb qabartdığı məsələ, tək məmurun və ya müəllimin məsələsi deyil. O da valideynlər də daxil olmaqla bütün cəmiyyəti oyatmağa, maarifləndirməyə çalışır. Yeni nəşr olunmuş Üzeyir Hacıbəyli "Seçilmiş pedoqoji əsərləri" (2025)  hal-hazırda istifadə də olan əlifba ilə tərtib olunaraq cəm şəkildə oxucuların və araşdırmaçıların ixtiyarına verilməsi məhz bu baxımdan Üzeyir Hacıbəylinin 140 illiyinə çox qiymətli töhfə və misilsiz  pedoqoji - mədəni hadisədir.

Heç kimə sir deyil ki, günümüzdə də elm-təhsil sahəsində neqativ hallar çoxdur. Gəlin görək, bütün hallarda əlaqədar qurumlar və vəzifəli şəxslər təqsirkardır? Böyük əminliklə deyirəm ki, xeyr, bu belə deyil. Əksər hallarda bu kimi əməllərin səbəbkarı valideynlər və tənbəl tələbələr (şagirdlər)dir. Üzeyir bəy və qələmdaşlarının düz yüz ildir ki, oyatmağa (qandırmağa), çalışdığı insanlar... Gündəlik şahidi olduğumuz nümunələr (hadisələr) bunu deməyə (yazmağa) əsas verir. Hansı səbəbdənsə dəyişə bilmirik, dəyişmək istəmirik. Çox təəssüf ki, Haqveriyevin, Üzeyir bəyin, Sabirin, Mirzə Cəlilin müxtəlif zümrələrdən olan qəhrəmanları günümüzdə də dipdiri və canldırlar. Həm də sözün bütün məna və çalarları ilə dipdiri, ipiri, canlca, lap əjdha kimi istənilən qrupda meydangirlik edir, açıq-aşkar digərlərinə meydan oxuyur, onları təsir altına alır, müxtəlif vasitələrlə dəyişmək istəyənlərə də dəyişməyə imkan vermirlər. Məcbur edirlər ki, hamı axına qoşulub axsın. Bax belə. Yüz ildən sonra təlimdə, təhsildə, dərsdə, məktəbdə vəziyyət belədir. Bu məqamda mərhum şairimiz Qələndər Xaçınçaylının eyni adlı kitabına daxil edilmiş "Dəyişmirik" poemasından dahi Üzeyir bəyin silahdaşlarından olan Mirzə Cəlili anaraq yazdığı bu misraları xatırladım:

"Mirzə Cəlil yanaraq,

öz istəyini yazdı.

Dedi, bəlkə bu millət

Korşalan yaddaşında

Bir inqilab yaratdı..."

Üzeyir bəyin də, Sabirin də, Mirzə Cəlilin də məktəb, dərs, oxumaq məsələsinin üstündə belə möhkəm dayanaraq, cidd-cəhdlə elm və təhsil məsələlərini qabartması, daim diri tutmasının yeganə səbəbi cəhaləti aradan qaldırmağın başqa yolunun olmadığına səmimi qəlbdən, canı dildən inanmaları idi. Biz bunu görkəmli ədibin "Ordan - burdan" başlığı ilə yazdığı yazılarda da aydın şəkildə görürük. Akademik Mirzə İbrahimov "Üzeyir Hacıbəyov" (seçilmiş əsərləri - 1985) kitabına yazdığı "Böyük bəstəkar və yazıçı" adlı giriş məqaləsində yuxarıda qeyd etdiyimiz məsələlərə toxunaraq yazırdı: "Təbiidir ki. Üzeyir Hacıbəyov (Üzeyir bəy Hacıbəyli Z.U)  kimi geniş fikirli, həqiqi qeyrət sahibi olan vətəndaş ürəkli bir yazıçı dövrünün ağır dərdlərini və ehtiyaclarını mümkün  qədər bütünlükdə geniş ölçüdə əks etməyə bilməzdi. .... Üzeyir Hacıbəyov (Üzeyir bəy Hacıbəyli -Z.U.)  hər şeydən yazırdı, "Molla Nəsrəddin" yolunu davam etdirərək, bir çox dərdlərə, yaralara toxunurdu."

Akademik Mirzə İbrahimov yuxarıda mənbəyini qeyd etdiyim yazının başqa bir yerində yenə əminliklə qeyd edir: "Üzeyir Hacıbəyov (Üzeyir bəy Hacıbəyli -Z.U.)  "Molla Nəsrəddin"çilər yolunu tutaraq çox dərdlərimizdən yazmış, köhnə həyatın bir çox çürük cəhətlərini, mənəvi-əxlaqi səfalətlərini atəşə tutmuşdur. Çünki, onlar çürük olsa da yaşayırdı, xalqın əl-ayağına dolaşır və irəliləməsinə, müasir, mədəni xalqlar cərgəsinə çıxmasına mane olurdu.

Üzeyirin (Üzeyir bəyin -Z.U.) tənqidi sərrast tənqid idi, işıqlı, mütərəqqi qayələri müdafiə edir və hədəfə vururdu..."  

"Müəllimlər ictimaı" və "Ata və oğul" səhnəciklərində də yuxarıda idarəçilikdə olanların səbatsızlığı ilə aşağıda olanların avamlığı öz dillərindən böyük ustalıqla tamaşaçıya (oxucuya) çatdırılır.

Şübhəsiz ki, mövcud problemlər təkcə elm-təhsil sahəsi ilə bağlı deyildi (deyil). Buna görə də Akademik Mirzə İbrahimovun təbirincə desək; "...Üzeyir Hacınbəyov (Üzeyir bəy Hacıbəyli Z.U)  hər şeydən yazırdı..." Doğum evindən qəbiristanlığa qədər problemlə (borcla)  doğulub, problemlə (borcla) dəfn olunan bir millətin nümayəndələrinin halını Üzeyir bəy "Müalicə", hələ giriş məqaləmizdə haqqında söhbət açdığım "Öz məişətimizdən bir dram", "Moizə", "Yuxuda", "Şəhər işləri" adlı səhnəciklərində böyük ustalıqla qələmə alaraq təqdim etmişdir.

Çox dəyərli oxucum, Üzeyir bəyin irsi janrından, növündən, asılı olmayaraq o qədər zəngin və rəngarəngdir ki, bu aləmə düşdünmü, istəsən də ayrıla, qopa bilmirsən. Fəqət, söhbətimizn bu məqamında sizinlə növbəti görüşümüzə qədər ayrılırıq. Növbəti sayımızı oxumağı unutmayın. Beşinci yazımız Üzeyir bəyin öz hədəflərini  sözün əsl mənasında topa tutduğu satirik hekayələri barədə olacaq. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

Zaur Ustac,

"Yazarlar" jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31