ABŞ ordusu 10 milyard dollarlıq kəşfiyyat proqram təminatı müqaviləsi bağladı - ÖZƏL

ABŞ Ordusu kəşfiyyat və məlumat toplama sahəsində qabaqcıl proqram təminatı hazırlayan Palantir Technologies şirkəti ilə 2035-ci ilə qədər dəyəri 10 milyard dollar olan müqavilə imzalayıb. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ ordusunun rəsmi press-relizində məlumat verilib.
Sənəddə bildirilir ki, "Ordu və Müdafiə Nazirliyinin digər qurumları Palantir şirkətindən növbəti on il ərzində ümumilikdə 10 milyard dolları keçməyən məbləğdə kommersiya məhsulları ala biləcək".
ABŞ ordusu bu addımla daha əvvəl müxtəlif sahələrdə bağlanmış 75 proqram təminatı müqaviləsini birləşdirərək Palantir-ə həvalə edib. Məqsəd süni intellekt və böyük verilənlərin analizi texnologiyalarının hərbi sistemlərə daha sürətli inteqrasiyasına nail olmaq və subpodratçılara çəkilən xərcləri azaltmaqdır.
Qeyd edək ki, 2024-cü ilin dekabrında Palantir Technologies və Anduril Industries şirkətləri hərbi sahədə süni intellekt texnologiyalarının tətbiqini sürətləndirmək üçün konsorsium yaratdıqlarını açıqlamışdılar. Hər iki şirkət hazırda ABŞ quru qoşunlarının "TITAN" (Tactical Intelligence Targeting Access Node) proqramı çərçivəsində süni intellekt əsasında kəşfiyyat və hədəf təyini sistemləri üzərində çalışır.
The New York Times qəzetinin əvvəlki məlumatına görə, Palantir şirkətinin proqram təminatı ABŞ hökumət orqanları tərəfindən vətəndaşların şəxsi məlumatlarının toplanması üçün də istifadə olunur. Şirkət ABŞ milyarderi Piter Tilə məxsusdur. Til 2016-cı ildə Donald Trampın ilk prezident kampaniyasına 1 milyon dollardan çox ianə verib və onun 2024-cü ildə yenidən seçilmə planlarını açıq şəkildə dəstəkləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31