Borrel: "Avropa İttifaqının İsrailə qarşı tədbirləri – pis bir zarafatdır" - ÖZƏL

Avropa İttifaqının keçmiş xarici siyasət rəhbəri Jozep Borrell İsrailə qarşı planlaşdırılan sanksiyaların kifayət qədər ciddi olmadığını bildirib. Olaylar.az xəbər verir ki,  o, Avropa Komissiyasının yalnız "Horizon Europe" adlı elmi-tədqiqat proqramında İsrailin iştirakını dayandırmaq təklifini tənqid edərək, bu addımı "pis bir zarafat" adlandırıb.
"Əgər bu, İsrailin addımlarına qarşı Avropa Komissiyasının verə biləcəyi yeganə cavabdırsa, bu, zarafatdır. Pis bir zarafat. Üstəlik, Aİ-yə üzv ölkələr bunu belə təsdiqləyə bilməyiblər. Görülənləri nəzərə alsaq, bu, düşünə biləcəkləri yeganə tədbirdirsə, bu, utancvericidir", - deyə o, EUobserver portalına müsahibəsində bildirib.
Borrel hesab edir ki, Avropa Komissiyası İsraillə ticarət razılaşmasını da dayandırmaq variantını nəzərdən keçirməlidir. "Bir çox üzv dövlət İsrailə qarşı sanksiya tətbiq etmək istəmir. Reallıq budur", - deyə o əlavə edib.
Qeyd edək ki, Avropa Komissiyası iyulun 28-də İsrailin Horizon Europe proqramındakı iştirakının dayandırılmasını tövsiyə edib. Bu qərara səbəb kimi İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatların beynəlxalq hüquq və insan haqlarını pozması göstərilib. Brüsseldə bildirilib ki, əməliyyatlar nəticəsində mülki əhali arasında itkilər artıb, aclıq və qida çatışmazlığından əziyyət çəkənlərin sayı isə gündən-günə çoxalır.
Xatırladaq ki, mayın 18-də İsrail ordusu Qəzzanın şimal və cənub bölgələrində genişmiqyaslı "Gideonun Arabaları" adlı quru əməliyyatına başladığını elan edib. Əməliyyatın məqsədi HƏMAS-ın tamamilə məhv edilməsi və Qəzza zolağında saxlanılan israilli girovların azad olunması kimi göstərilib. Baş nazir Benyamin Netanyahu isə əməliyyatın yekununda Qəzzanın bütün ərazilərinin İsrail ordusunun nəzarətinə keçəcəyini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31