"Fransanın qətnaməsi Azərbaycan üçün sadəcə bir kağız parçasıdır" – Mübariz Göyüşlü- ÖZƏL
29 İyul 19:45 SiyasətFransa Milli Assambleyasının "Sağ Respublikaçılar" qrupunun rəhbəri Loran Vokye və Fransa-Ermənistan dostluq qrupunun sədr müavini Aleksandr Marten Ermənistanla "strateji tərəfdaşlıq" qurulması məqsədilə Avropa Qətnaməsi təşəbbüsü ilə çıxış ediblər. Qətnamədə Fransa BMT TŞ-nin daimi üzvü kimi Ermənistanı sülh səylərində dəstəkləməyə çağırılır. Sənəddə qondarma "artsax respublikası" ifadəsi işlədilir, Azərbaycan tərəfindən saxlanılan erməni əsilli şəxslərin siyasi məhbus kimi təqdim olunması və onların dərhal azadlığa buraxılması tələb olunur.
Fransanın bu qətnamə təşəbbüsünü irəli sürməsi Bakı-Paris münasibətlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar az-a açıqlama verib:
"Fransa bu məsələdə real olaraq heç bir təsir gücünə malik deyil. Prezident Makronun davranışları və atdığı addımlar ciddi siyasi səhvlərdir. Onun tərəfdaşları da bu səhv yolla irəliləyirlər. Bu kimi qeyri-adekvat yanaşmalar nəinki problemi həll etmir, əksinə, vəziyyəti daha da gərginləşdirir. Onlar müəyyən sənədlər qəbul edir, bəyanatlar yayırlar - bəli, bu addımları ata bilərlər. Ancaq həmin sənədlərin bizim üçün hər hansı hüquqi və ya siyasi əhəmiyyəti yoxdur. Əgər ümumi mənzərəni götürsək, bu gün Bakı ilə Paris arasında münasibətlər, demək olar ki, mövcud deyil. İki ölkə arasındakı əlaqələr yox səviyyəsindədir. Fransa tərəfinin hazırkı davranışı, qəbul etdiyi sənədlər və tutduğu mövqe onsuz da zəif olan münasibətlərə əlavə zərbə vurur. Əslində bu addımlar daha çox siyasi nümayiş və daxili auditoriyaya hesablanmış jestlərdir, nəinki konstruktiv diplomatiya.
Ona görə də, Fransa parlamentində qəbul olunan istənilən sənəd Azərbaycan üçün sadəcə bir kağız parçasıdır. Onlar nə qədər istəyirlərsə, qətnamələr qəbul edə bilərlər. Bu sənədlərin bizim üçün nə siyasi, nə hüquqi, nə də diplomatik dəyəri var".
Zeynəb Mustafazadə