Politoloq: Paşinyanın Katolikosu dəyişmək hüququ yoxdur – ÖZƏL
29 İyul 16:02 SiyasətErmənistanın Baş naziri Nikol Paşinyanın Katolikosu dəyişmək hüququ yoxdur.
Olaylar.az xəbər verir ki, bu barədə RT kanalına müsahibəsində Yaxın Şərq və Mərkəzi Asiya üzrə ekspert, politoloq Semen Bağdasarov bildirib.
Onun sözlərinə görə, Ermənistan Konstitusiyasına əsasən, ölkədə dünyəvi və dini hakimiyyət ayrıdır və Erməni Apostol Kilsəsi xalqın mənəvi və mədəni həyatında xüsusi rol oynayır: "Katolikos ömürlük seçilir. Əgər hansısa səbəbdən dəyişiklik olmalıdırsa, bu yalnız kilsənin ali şurası tərəfindən - bütün ölkələrdəki yeparxiyaların nümayəndələrinin iştirakı ilə həyata keçirilə bilər. Paşinyanın bu məsələyə nə aidiyyəti var, ümumiyyətlə, anlaşılmazdır."
Bağdasarov bu təşəbbüsü "ağlasığmaz və qarışıqlıq yaratmaq cəhdi" adlandırıb. Onun fikrincə, məqsəd - yaranmış gərginlik fonunda ya seçkilərin keçirilməyəcəyini elan etmək, ya da bütün müxalif liderləri həbs edərək, rəqibsiz seçkilərə getməkdir.
Xatırladaq ki, Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında gərginlik Paşinyanın sosial şəbəkədə kəskin ifadələr işlətməsi və yüksək rütbəli ruhaniləri ittiham etməsi ilə başlayıb. Sonradan o, Katolikosun seçilmə qaydasını dəyişməyi və bu prosesdə dövlətin həlledici rol oynamasını təklif edib. Hətta Paşinyan "Əcəmiədzini azad etməyə" şəxsən rəhbərlik etməyə hazır olduğunu bəyan edib.
Bu açıqlamalar yalnız erməni ruhaniləri və müxalifət arasında deyil, həmçinin diaspora və beynəlxalq dini təşkilatlar arasında da narazılıq yaradıb. Kilikiyə Katolikosluğu, Yerusəlim və Konstantinopol patriarxatları, eləcə də Dünya Kilsələr Şurası, Avstriya Kilsələr Şurası və Suriya Ortodoks Kilsəsi Erməni Kilsəsini dəstəkləyən bəyanatlar yayıblar. Kilsəyə dəstək verdiyinə görə iş adamı Samvel Karapetyan da həbs olunub.