“Neçə günə müharibə bitəcək? – Trampın saydığı günlər - ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üçün əvvəlcə 50 günlük vaxt ayırsa da, bu müddəti son açıqlamasında 10-12 günə endirdiyini bildirib. Lakin Tramp, müəyyən olunmuş vaxt bitdikdə hansı addımların atılacağı barədə konkret açıqlama verməyib.
 Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki, Tramp bununla da qəfil addımlar ata biləcəyini və Rusiya üçün gözlənilməz sürprizlər yarada biləcəyini göstərir: 

" Tramp əslində bu hədələrlə Rusiyanın gələcəyini və hansısa məqamda Ukraynaya qarşı hücumlarını azaldacağını, yaxud Ukrayna ilə bağlı ritorikasını daha yumşaldacağını düşünürdü. Ən azından Ukraynaya qarşı Rusiyanın hücumlarını davam etdirməyəcəyini, hücumları dayandıracağını, Ukrayna şəhərlərini bombalamayacağını və əlavə güzəştlər əldə etməyə çalışacağını hesablayırdı.  Trampın düşüncəsi bu istiqamətdə idi. Ancaq görünən odur ki, qarşı tərəf də boş durmur. Məsələn, bir tərəfdən artıq Rusiya hücumlarını daha da artırır, müharibənin ümumilikdə davam etməsinə maraqlı olduğunu göstərir. Əlavə olaraq, artıq Rusiya neft və qazını alan ölkələrə - Çin, Hindistan, Braziliya, Türkiyə və s. təzyiq göstərməyə çalışır. Ancaq burada hələ ki, biz Çin tərəfindən bir reaksiya görmürük. Tramp isə Çinə qarşı hansısa bir reaksiyanın olmamasından narahatdır. Ona görə də düşünürəm ki, vaxtı bu qədər uzatmaq Putin üçün sərfəlidir. 50 gün, bu, kifayət qədər uzun müddətdir. Bu müddət ərzində Ukraynaya silah verilməzsə, Ukrayna cəbhələrdə ciddi çətinliklərlə üzləşə bilər və Rusiya qarşısında zəifləyə bilər. Böyük ehtimalla, Rusiya məhz bunu hesablayır.
Vaxtın uzadılması həm Ukraynaya yardımların qarşısını alır, həm də Rusiya qarşısında sanksiyaların artırılması üçün zəmin yaradır. Artıq Ukraynanın Çinə qarşı bəzi sanksiyalar tətbiq etdiyini görürük. Çin bəzi şirkətlərinə görə sanksiyalara məruz qalır, çünki bu şirkətlər Rusiya neftini alır və ya Rusiya ilə iqtisadi əlaqələr qururlar. Bu, həm də Putinə bir mesajdır ki, özünü tam rahat hiss etməsin. Rusiya rəhbərliyi anlamalıdır ki, onları ciddi gərginliklər gözləyə bilər. Düşünürəm ki, Tramp bu mesajları davamlı şəkildə verir. İranla bağlı danışıqların getdiyi bir vaxtda, iki gün qalmış İranın bombalanması baş verdi. Tramp bununla da qəfil addımlar ata biləcəyini və Rusiya üçün gözlənilməz sürprizlər yarada biləcəyini göstərir. Əsas məsələ ondadır ki, burada Çin, Hindistan, Braziliya və ümumilikdə qlobal cəbhənin mövqeyi önəmli olacaq. Qlobal cəbhə birbaşa Rusiya və ya Qərb tərəfini seçmək istəmir. Amma enerji daşıyıcılarına olan münasibət, Rusiyanın müharibəni davam etdirməsinə imkan verir. Rusiyanın əsas gəlir mənbəyi demək olar ki, qlobal cəbhəyə satdığı neft-qaz resurslarıdır. Bu satışlar isə çox zaman sanksiyalardan kənar, gizli şəkildə həyata keçirilir. Bu gəlirlər isə Rusiyanın həm silah almasına, həm texnika, həm də strateji məhsullar almasına və hərbi maşının ayaqda saxlanmasına şərait yaradır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31