“Azərbaycanın müstəqil siyasətini həzm edə bilmirlər” – Elşad Həsənov - ÖZƏL
13:34 Siyasət"İranda SEPAH həmişə Azərbaycana qarşı təxribat işləri aparır və Azərbaycanın apardığı müstəqil siyasəti bəyənmirlər, qəbul edə bilmirlər. SEPAH generalları, ümumiyyətlə, Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyirlər. Bunu biz 44 günlük müharibə zamanı, ondan əvvəlki işğal dövründə də görmüşük, yaşamışıq və hamımız bilirik" .
Bu fikirləri politoloq Elşad Həsənov Olaylar.az-a açıqlamasında söyləyib:
"Ancaq İsrail-Tehran müharibəsi zamanı İranın aldığı ağır zərbələrdən sonra hələ də özlərinə gələ bilməyiblər. İsrail və Amerikanın onların nüvə obyektlərini bombalaması, özü də illərlə İranın nüvə proqramını geri saldı.
Son geosiyasi mənzərədə də dəyişikliklər baş verir. Artıq Azərbaycan və Rusiya münasibətlərində ciddi soyuma var. Bunun səbəbini Azərbaycan Prezidenti Şuşada keçirilən 3-cü Media Forumunda açıq şəkildə bildirdi. Yəni bu gün artıq Rusiya ictimaiyyətində Azərbaycana qarşı ciddi təhdidlər səsləndirilir. Bunu da bilməliyik ki, İranın SEPAH-ı Rusiyanın bağlı qüvvələrindəndir.
Məhz bu səbəbdən İranın SEPAH-ı belə çıxışlar edir. Yəni İran və Rusiya oyundan kənar qaldıqları bir dövrdə - niyə kənarda qaldılar? Çünki apardıqları təcavüzkar siyasət nəticəsində bu vəziyyətə düşüblər və oyundan kənarda qalıblar. Hər iki ölkə - həm Rusiya, həm İran milyonlarla, milyardlarla vəsaiti xaricdəki proksi qüvvələrinə, o cümlədən başqa dövlətlərin torpaqlarını ələ keçirmək məqsədilə xərcləyir, ancaq daxildə öz ölkələrinə, əhalinin sosial rifahı üçün pul xərcləmirlər. Əhali üçün, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün heç bir tədbir görülmür.
Bu mənada hər iki ölkədə vəziyyət çox gərgindir - həm Rusiyada, həm İranda. İranda son zamanlar xalqın yoxsulluq səviyyəsi daha da artıb, iqtisadi problemlər dərinləşib, sosial müdafiə fondlarının fəaliyyəti azaldılıb. Eyni hal Rusiyada da baş verir. Artıq orada deputatlar utanmadan, çəkinmədən parlamentdə pensiyaların kəsilməsinin zəruriliyini bildirirlər. Çünki ölkədə gəlir yoxdur. Yeganə işləyən sahə müharibə sənayesidir, o da istehsal olunur və məhv edilir.
Bu nöqteyi-nəzərdən hər iki ölkədə hakimiyyət öz xalqına düşmən münasibət bəsləyir. Ona görə də bu hakimiyyətlər anlayırlar ki, sonları yoxdur, ancaq xarici düşmənlər axtarırlar, qonşularla münaqişələr və müharibələr aparmaq istəyirlər.
Ona görə də SEPAH generalları Azərbaycana qarşı bu cür hədələyici bəyanatlar səsləndirirlər. Biz torpaqlarımızın işğal altında olduğu dövrdə də, müharibə zamanı da gördük ki, İsrail bizə strateji müttəfiqlik və dostluq göstərdi, bizə dəstək oldu. Bu gün də biz onlarla neft kontraktı bağlamışıq, yanacaqla təmin edirik.
Bəli, onlar da bizimlə bağladıqları kontraktlara uyğun olaraq pulumuzu ödəyirlər. Biz niyə İsrailə bunu verməyək? O dövrdə bizim yanımızda olan İsrailə bu dəstəyi göstərməyək? Halbuki həmin vaxt SEPAH və fars mollalarının rejimi Ermənistanın yanında idi. Bütün bunları analiz etmək və düzgün qiymətləndirmək lazımdır.
Bu mənada SEPAH-ın belə sərsəm bəyanatlarının Azərbaycana heç bir təsiri yoxdur. Onlar vəziyyəti gərginləşdirmək istəyirlər. Xüsusilə də yuxarıda qeyd etdiyim kimi, Azərbaycanla Rusiya arasında baş verən soyumalar, aparılan ritorikalar, Rusiyada azərbaycanlılara qarşı törədilən vandallıqlar İranı da həvəsləndirir. Onlar düşünürlər ki, "bəlkə də Azərbaycana qarşı nəsə edə bildik, böhtanlar ataraq bundan nəsə qazandıq". Ancaq hesab edirəm ki, onların bu ritorikası, bu Qafqazda yaranmış yeni reallığa heç bir təsir edə bilməz".
Politoloq qeyd edib ki, İranda olan bəzi qüvvələr - İran-Azərbaycan münasibətlərinə mənfi təsir göstərməyə çalışan dairələr - heç nəyə nail ola bilməyəcəklər:
"Azərbaycan beynəlxalq güclərlə əlaqədədir. Azərbaycan Türkiyə ilə, Pakistan ilə, İsraillə müttəfiqlik sazişi imzalayıb. Azərbaycan Türk Dövlətləri Təşkilatının aparıcı ölkələrindən biridir.
Yəni bu nöqtədə Azərbaycanın son illərdə gördüyü böyük işlər, imzaladığı titanik sazişlər ona imkan verir ki, Azərbaycan xalqı sakit və sabit şəraitdə yaşasın. Əks təqdirdə, Azərbaycana qarşı uzanan əllər dibindən kəsiləcək. Çünki artıq bizim buna gücümüz, qüdrətimiz var və bizim müttəfiqlərimiz var.
O mənada hesab edirəm ki, İranda olan bəzi qüvvələr - İran-Azərbaycan münasibətlərinə mənfi təsir göstərməyə çalışan dairələr heç nəyə nail ola bilməyəcəklər. Onlar hazırkı dövrdə ancaq könül bulandırmaq, münasibətlərə ləkə vurmaq, siyasi müstəvidə özlərini göstərmək kimi cəhdlərlə çıxış edirlər. Azərbaycanın apardığı həm Rusiya, həm də İran qarşısında yürütdüyü siyasət doğrudur, düzgündür. Bu da bizim dünya dövlətləri ilə - ABŞ-lə, Avropa İttifaqı ilə, Türkiyə, Pakistan, İsraillə - münasibətlərimizdə ciddi irəliləyişlərə səbəb olub və bu istiqamətdə işlərimiz davam edəcək.
Biz dünya tərəfindən təcrid olunmuş - Rusiya, İran, Şimali Koreya kimi ölkələrlə yaxın münasibətlər qurulmasını istəmirik. Çünki bu ölkələrin hakimiyyətləri həm qonşularına, həm digər xalqlara, həm də öz xalqlarına düşmən kəsiliblər.
Ona görə də hesab edirəm ki, Azərbaycan-İran münasibətləri Məsud Pezeşkiyanın prezidentliyə gəlməsindən sonra bir qədər düzgün istiqamətə yönəlib. Artıq münasibətlərdə istiləşmə başlayıb və düşünürəm ki, yaxınlaşmalar olacaq.
İran daxilində reformistlər ciddi şəkildə fəaliyyət göstərirlər. İran mətbuatında da dünyəvi dövlətin qurulması ilə bağlı ideyalar irəli sürülür, bu mövzuda polemikalar aparılır. Çünki artıq İran əhalisi anlayır ki, dini rejimlə yaşamaq onları əsrlərlə geri salır.
Bu gün İran dövləti yaşayış səviyyəsinə görə dünyanın ən geridə qalmış ölkələrindən birinə çevrilib. Halbuki İran böyük əraziyə, zəngin sərvətlərə - neftə və qaz ehtiyatlarına malikdir. Ancaq bu gün ölkə demək olar ki, dilənçi vəziyyətində yaşayır. Bunun əsas səbəbi isə İran ali dini rəhbərlərinin və digər vəzifəli şəxslərin xalqın sərvətini mənimsəyib xaricdə milyardlarla vəsait saxlamalarıdır. Bütün bunları İran xalqı bilir, İran ziyalıları bilir, insanlar bilir. Düşünürəm ki, yaxın vaxtlarda İran əhalisi ayağa qalxacaq və bu fars-molla rejimini devirəcək".
Zeynəb Mustafazadə