Prezident İlham Əliyev: Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib
22 İyul 19:38 SiyasətBu gün artıq fəxrlə deyə bilərik ki, bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib. Əlamətdar haldır ki, budəfəki yubileyi milli mətbuatımız artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanda qeyd edir.
Bu sözlər Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının yaranmasının 150-ci ildönümü münasibətilə media nümayəndələrinə təbrik məktubunda yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan mediası 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı dövründə hadisələrin operativ işıqlandırılmasını təmin etmək üçün həm ön, həm də arxa cəbhədə fədakarlıqla və əzmlə çalışıb. Ölkəmiz və xalqımız üçün bu tarixi və taleyüklü mərhələdə Azərbaycan mediası cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında böyük rol oynayıb, haqq səsimizin və mövqeyimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında yüksək peşəkarlıq, əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirib.
"Heç şübhəsiz ki, informasiya məkanında qazandığımız zəfər döyüş meydanında qazandığımız və bu il 5-ci ildönümünü qeyd edəcəyimiz şanlı Zəfərimizin ayrılmaz parçasıdır", - deyə Azərbaycan Prezidenti məktubunda vurğulayıb.