Reallıq tamamilə fərqlidir:Rusiya bu köhnəlmiş imperiya təfəkküründən imtina etməlidir - ÖZƏL
22 İyul 17:51 Siyasət"Hazırda Rusiya mediasında biz açıq şəkildə müxtəlif informasiya savaşlarının şahidi oluruq. Daha çox qeyri-rəsmi kanallar və YouTube vasitəsilə fəaliyyət göstərən bloqerlər bu cür "hibrid" - yəni açıq şəkildə elan olunmayan - informasiya müharibələri aparırlar."
Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Aydın məsələdir ki, bu savaşların bəziləri şəxsi təşəbbüslərlə həyata keçirilsə də, arxasında çox zaman sifarişli maraqlar dayanır. Bu vəziyyət, əsasən, hazırkı Rusiya-Azərbaycan münasibətlərindəki gərginlikdən qaynaqlanır. Çünki Rusiya təkcə Azərbaycana qarşı deyil, bütövlükdə dünyaya qarşı aqressiv ritorika yürüdür və bu siyasətin təsirləri getdikcə daha aydın görünməyə başlayır.
Bu gün reallıq budur ki, Rusiya müxtəlif regionlarda açıq işğalçı siyasət yürüdür,informasiya və təbliğat vasitəsilə təsir dairəsini genişləndirməyə çalışır. Bu işğalçı müharibənin mənfi təsirləri isə təkcə lokal səviyyədə deyil, həm də qlobal miqyasda - dünya ticarətinə, logistik zəncirlərə, ekoloji təhlükəsizliyə və digər sahələrə də təsir edir.
Digər tərəfdən, Rusiyanın bu aqressiv ritorikası artıq MDB məkanında da ciddi narahatlıq doğurur. Bir çox dövlətlər ona daha ehtiyatlı və şübhəli yanaşmağa başlayıb. Nəticədə həmin ölkələr Rusiyadan uzaqlaşmaq xəttini seçirlər. Çünki Rusiyanın mövcud yanaşması göstərir ki, hələ də MDB məkanını özünün "arxa bağçası" hesab edir və düşünür ki, bu ölkələr onun iradəsinə tabe olmalıdır.
Lakin bugünkü reallıq tamamilə fərqlidir. Sovet İttifaqı artıq 35 ildir mövcud deyil və Rusiya bu köhnəlmiş imperiya təfəkküründən imtina etməlidir. Müasir dövlətlər öz müstəqil və prinsipial siyasətlərini yürütmək hüququna sahibdirlər və bu reallıqla barışmaq lazımdır.
Azərbaycanla münasibətlərə gəldikdə isə, biz son 6 ayda gərginliyin əsas səbəbinin məhz Moskvanın imperialist təkəbbürü olduğunu görürük. Dekabr ayında baş verən təyyarə qəzasından sonra Rusiyanın nə baş verənlərə görə üzr istəməsi, nə də zərərçəkənlərə kompensasiya ödəməsi, hadisənin obyektiv şəkildə araşdırılmasına imkan yaratmaması, ardınca isə Yekaterinburqda baş verən hadisələr sonrakı mərhələdə Azərbaycana qarşı informasiya təzyiqlərinin artması, bütün bunlar məqsədli və koordinasiyalı addımların nəticəsidir.
Bu addımların arxasında isə Rusiyanın mərkəzi hakimiyyətinin birbaşa təsiri var və Azərbaycan dövləti bu təxribatların tam fərqindədir. Belə olan halda Azərbaycan da, təbii olaraq, Rusiya ilə münasibətlərinə yenidən baxmağa məcbur olur. Rusiya mediasında səsləndirilən çağırışlar isə, əsasən, psixoloji təzyiq məqsədi daşıyır.
Ancaq Azərbaycan heç vaxt belə çağırışların qarşısında baş əyməyib və bundan sonra da əyməyəcək. Bizim milli maraqlara əsaslanan, balanslı və prinsipial xarici siyasətimiz var və bu siyasət davam etdiriləcək.
Əgər Rusiya Azərbaycanla dostluğa əsaslanan münasibətlər qurmaq istəyirsə, biz də buna uyğun mövqe sərgiləyəcəyik. Əks təqdirdə, Azərbaycan öz maraqlarına uyğun şəkildə adekvat addımlar atmaqda davam edəcək."
İbrahim Məmmədli