Zəngəzur dəhlizinə kim nəzarət edəcək? – ŞƏRH – ÖZƏL
22 İyul 2025 14:46 Siyasət"Zəngəzur dəhlizi hazırda həm region ölkələri, həm də Avropa və Asiya dövlətləri üçün olduqca vacib bir nəqliyyat-kommunikasiya layihəsidir. Bu gün Asiyadan Avropaya qədər hər kəs bu dəhlizin reallaşmasında maraqlıdır. Lakin layihənin hansı şərtlər daxilində həyata keçiriləcəyi hələ də tam müəyyənləşməyib və məsələ müzakirə mərhələsindədir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsi ilə bağlı təklifə dair artıq prinsipial mövqeyini bildirib: "Prezident vurğulayıb ki, Azərbaycanın ərazisində heç bir xarici operator fəaliyyət göstərə bilməz. Bu isə o deməkdir ki, ABŞ şirkəti Azərbaycan sərhədləri daxilində heç bir hüquqi və əməli səlahiyyətə malik olmayacaq. Beləliklə, ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsi yalnız Ermənistan ərazisi ilə bağlı ola bilər. Gözlənilir ki, bu məsələ yaxın gələcəkdə həm Ermənistanla, həm də dəhlizin digər iştirakçıları ilə daha geniş şəkildə müzakirə olunacaq. Lakin artıq aydın olub ki, ABŞ şirkəti Azərbaycanın ərazisində fəaliyyət göstərə bilməyəcək.
O ki qaldı ABŞ şirkətinin dəhlizi icarəyə götürmək təşəbbüsünə, bu, həm Rusiya, həm də İran üçün ciddi narahatlıq doğuran məsələdir. Çünki bu halda ABŞ bir tərəfdən İran sərhədlərinə yaxınlaşmış olacaq, digər tərəfdən isə Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etmək planları pozulacaq. Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində Zəngəzur dəhlizinin açılması və bu dəhlizə Rusiya sərhədçilərinin nəzarət etməsi nəzərdə tutulurdu. Lakin əgər ABŞ şirkəti dəhlizi icarəyə götürərsə, bu, Rusiyanın layihədən tamamilə kənarda qalması demək olacaq. Bu səbəbdən də əgər belə bir təklif reallaşarsa, Cənubi Qafqazda geopolitik proseslərə ciddi təsir göstərəcək və Rusiyanın regiona təsir imkanları zəifləyəcək. Regionun ən strateji layihəsinin Rusiya iştirakı olmadan həyata keçirilməsi isə Kremlin Cənubi Qafqazdakı təsirini faktiki olaraq itirməsi anlamına gələcək".
E. Xalidbəyli qeyd edib ki, Zəngəzur dəhlizinə kimin nəzarət etməsi və bu dəhlizin hansı şərtlərlə açılması Cənubi Qafqazın gələcək taleyinə birbaşa təsir göstərə biləcək önəmli və həssas bir faktordur.
Səidə Ramazanova