Milli mətbuatımızın rolu danılmazdır:Maariflənmiş, məlumatlı, oxumağa meyilli, yazmağı və düşünməyi bacaran bir cəmiyyət - ÖZƏL

"Prezident İlham Əliyev, əslində, Üçüncü Qlobal Media Forumunda müstəqil Azərbaycan dövründə medianın fəaliyyətinə bir yekun vurmuş oldu. Onun səsləndirdiyi fikirlər Azərbaycan mediasının haradan haraya gəlib çıxdığını bariz şəkildə ortaya qoydu."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Cənab Prezidentin xüsusi vurğuladığı kimi, Azərbaycan mətbuatı və mediası bu gün xarici ölkələrdə də rahatlıqla izlənilir, diqqətlə öyrənilir və təhlil edilir. Bu isə artıq bizim bir media olaraq hədəfimizə çatdığımızın göstəricisidir. Əgər bu gün dünya ictimaiyyəti Azərbaycan mətbuatına və mediasına diqqət yetirirsə, deməli, biz ilkin hədəfimizə çatmışıq. İndi isə yeni hədəflər müəyyənləşdirib daha da irəli getməliyik.

Milli Mətbuat Günü ilə bağlı isə bir məqamı xüsusilə vurğulamaq lazımdır. Həsən bəy Zərdabi hələ 1870-ci illərdə bir ideya ətrafında düşünərkən, mətbuat - qəzet yaratmaq istərkən və bunu 1875-ci ilin 22 iyulunda reallaşdırarkən, onun böyük hədəfləri yox idi. Arzuları da sadə idi - o, sadəcə olaraq, ilk müsəlman qəzetini nəşr etdirməklə türk millətini maarifləndirmək istəyirdi.

Çünki həmin dövrdə maariflənmə sahəsində ciddi boşluq var idi və bu işi qəzet vasitəsilə həyata keçirməyin mümkünlüyünə inanan Həsən bəy Zərdabi irəli çıxaraq "Əkinçi" qəzetini nəşr etdirməyə başladı.

Ancaq bu gün gəlib çatdığımız mərhələ, əminəm ki, Həsən bəy Zərdabinin belə xəyal edə bilmədiyi bir zirvədir. Kim bilir, əgər imkan olsaydı və Həsən bəy Zərdabi bir anlıq dirilib bugünkü günümüzü görə bilsəydi, çox xoşbəxt olardı. Çünki onun əsas məqsədi məhz belə bir cəmiyyətin qurulması idi - maariflənmiş, məlumatlı, oxumağa meyilli, yazmağı və düşünməyi bacaran bir cəmiyyət.

Bu gün belə bir mühitin formalaşmasında isə milli mətbuatımızın rolu danılmazdır."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31