“Kreml Z-blogerlərin təxribatlarına səssiz razılıq verir” – Taleh Əliyev – ÖZƏL
13:50 Siyasət"Rusiyada "Z-blogerlər" adlandırılan xüsusi qrupun arxasında rəsmi Kreml rəhbərliyinin dayandığı şübhəsizdir. Bu qrup zamanında Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti üçün siyasi, ideoloji və psixoloji zəmin hazırlayırdı".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirih ki, bu gün həmin qrupun şantaj, təhdid, aşağılama və şovinist xarakterli fəaliyyəti Azərbaycana qarşı yönəlib və "Z-blogerlər"in açıq-aşkar anti-Azərbaycan siyasətinə qarşı rəsmi Kreml tərəfindən heç bir mövqe ortaya qoyulmur:
"Şübhəsiz ki, belə bir susqunluq əslində Kremlin həmin qrupun fəaliyyətini səssiz razılıq və ya bilavasitə direktivlərlə dəstəkləməsi anlamına gəlir. Ukrayna təcrübəsi ortadadır və bu qrupun zaman-zaman Ermənistana və digər ölkələrə qarşı da təxribatçı, aşağılama xarakterli kampaniyalarının şahidi olmuşuq. Hazırda bu kampaniya Azərbaycana qarşı həyata keçirilir. İki ölkə arasında münasibətlərin kəskinləşməsi hər iki tərəf üçün zərərlidir. Ancaq görünən odur ki, Rusiya tərəfi yanlış olaraq düşünür ki, Azərbaycanı və azərbaycanlıları təhdid etməklə öz nüfuzunu qoruyub saxlaya bilər. Ancaq nəticə belə olmayacaq. Hadisələrin gedişi göstərir ki, hər iki tərəf üçün müəyyən itkilər olsa da, bu siyasət nəticə etibarilə Rusiyanın xeyrinə olmayacaq".
Səidə Ramazanova