Ermənistanda gərgin gözləntilər hökm sürür - ÖZƏL

Ermənistanda hakim "Vətəndaş Razılaşması" partiyasında gərgin gözləntilər hökm sürür. Olaylar.az xəbər verir ki,  partiya üzvlərinin bir hissəsi ümid edir ki, baş nazir Nikol Paşinyan son anda qərarını dəyişəcək və Eçmiədzinə - Erməni Apostol Kilsəsinin mərkəzinə qarşı addım atmayacaq. Əks halda, partiya üzvləri özlərinin də küçələrə çıxmalı və dini mərkəzin ələ keçirilməsində iştirak etməli olacaqlar.
Bir neçə gün öncə Paşinyan sosial şəbəkələrdə paylaşdığı müraciətində yazıb: "Ktrich Nersisyan Rəhbərlik Rezidensiyasını tərk etməlidir. Dua, oruc, səbir içində yaşayın və Eçmiədzin mərkəzi meydanında böyük ruhani görüşə hazır olun." Bu ifadələr onun şəxsən Eçmiədzinə yürüşə başçılıq edəcəyinə işarə edir.
Lakin ekspertlər və partiyadakı sağlam düşüncəli üzvlər bu addımın sadəcə Katolikos Qareginə qarşı olmadığını düşünürlər. Onların fikrincə, bu həm də Paşinyanın öz komandasını sınağa çəkməsidir - xalq onun ardınca gedəcəkmi? Onun çağırışı ilə nə qədər insan küçəyə çıxacaq? Bu, eyni zamanda 2026-cı ildə keçiriləcək növbəti seçkilərdə yenidən seçilmək şansını dəyərləndirmək cəhdidir: onu yalnız öz maraqları naminə yaxın duranlar dəstəkləyəcək, yoxsa həqiqətən xalqın içində dayağı var?
Hakim partiyadakı bəzi üzvlər isə Paşinyanın bu qədər riskə gedəcəyinə inanmır. Onlardan biri bildirib ki, baş nazir çox yaxşı bilir - erməni cəmiyyətində Kilsəyə dəstək, onun özünün əlindəki büdcə və inzibati resurslardan daha güclüdür. Belə bir addım Paşinyana çox baha başa gələ bilər.
Müşahidəçilər qeyd edir ki, Paşinyanın bu paylaşımı diqqəti Ermənistanın təhlükəsizliyi ilə bağlı son neqativ hadisələrdən yayındırmaq cəhdidir. Həmçinin, Azərbaycanın Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı verdiyi son bəyanatları fonunda diqqəti başqa istiqamətə yönəltmək istəyidir. Çünki bu bəyanatlardan açıq şəkildə görünür ki, söhbət sadəcə yoldan deyil, tam eksteryal statuslu bir dəhlizdən gedir.
Ermənistanda baş verən bu son gərginliklər, hakimiyyətin həm daxili, həm də xarici təzyiqlərlə üzləşdiyinin göstəricisidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31