İranlı deputat: “Zəngəzur dəhlizi İranın maraqları nəzərə alınmadan reallaşa bilməz” – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran parlamentinin Ərdəbil vilayətindən olan deputatı, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Sədeyf Bədri bəyan edib ki, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi İranın strateji maraqları və rolu nəzərə alınmadan mümkün deyil. Bu barədə SEPAH-a (İranın İnqilab Keşikçiləri Korpusu) yaxın Teleqram kanalları məlumat yayıb.

Onun sözlərinə görə, son dövrlərdə dəhlizlə bağlı səslənən bəzi fikirlər qeyri-peşəkar və reallıqdan uzaqdır:
"Belə layihələr maraqlı tərəflərlə, xüsusilə İranla razılaşdırılmadan reallaşa bilməz. Təhdid və təzyiq dili ilə bölgədə dayanıqlı inkişaf mümkün deyil. Cənubi Qafqaz ölkələri İranın iştirakı ilə ortaq maraqlar əsasında hərəkət etməlidirlər."

Bədri əlavə edib ki, regionda bütün ölkələrin maraqlarını təmin edə biləcək yeganə dövlət məhz İrandır.
"Biz kənar mövzular qaldırmaq niyyətində deyilik. Ancaq bir daha vurğulayırıq: regionda, o cümlədən Zəngəzur dəhlizi üzrə heç bir tranzit layihəsi İranın həssas və mühüm maraqları nəzərə alınmadan reallaşa və davamlı ola bilməz," - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31