“Azərbaycan sülh istəyir, amma güzəştə yox, hüquqa əsaslanaraq” – Bəhruz Quliyev – ÖZƏL

"Öncədən qeyd edim ki, Azərbaycanın mədəniyyət beşiyi, milli qürurumuzun simvolu olan Şuşa bu gün yenidən beynəlxalq diqqət mərkəzindədir. Burada keçirilən III Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Azərbaycanın söz haqqı artıq yalnız öz torpaqlarında deyil, bütün regionun gələcəyindədir. Forumda Prezident İlham Əliyevin çıxışı isə strateji baxımdan olduqca mühüm və çoxqatlı mesajlarla zəngin idi
İlk növbədə, tədbirin Şuşa kimi müqəddəs bir məkanda təşkili, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfərin, həm də postmünaqişə dövründə regiona gətirdiyi sabitliyin bariz göstəricisidir. Buraya dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin, beynəlxalq ekspertlərin və siyasətçilərin dəvət olunması Azərbaycanın sülhsevər, açıq və hüquqa əsaslanan siyasətinin beynəlxalq aləmdə qəbul olunduğunu bir daha sübut edir". 

Bu fikirləri Səs qəzetinin baş redaktoru Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Baş redaktor əlavə edib ki, Prezident İlham Əliyevin forumdakı çıxışında Ermənistanla sülh sazişinə dair fikirləri xüsusilə diqqətçəkicidir: "Dövlət başçısının qətiyyətlə qeyd etdiyi kimi, Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib, əksinə özünün tarixi və beynəlxalq hüquqla tanınmış ərazilərini bərpa edib. İndi isə tərəfdaşlığa, dinc yanaşı yaşamağa, səmərəli əməkdaşlığa çağırır. Deyim ki, Prezidentin Ermənistan rəhbərliyinə ünvanladığı çağırışlar təkcə diplomatik mesaj deyil, strateji düşüncəyə və gələcəyə yönəlmiş bir təklifdir. Bu çağırışlar fonunda Xankəndinin də qeyd olunması və gələcək tədbələrin həmin ərazidə keçirilməsinə dair siqnallar, Azərbaycanın artıq bölgənin tam və qəti sahibi olduğunu sübut edir. Eyni zamanda, bu çıxış bir daha göstərdi ki, Azərbaycanın sülh istəyi zəiflik deyil, gücdən doğan əminlikdir. Dövlət başçısı sülhə hazır olduğunu, lakin qarşı tərəfin də bu prosesə eyni məsuliyyətlə yanaşmasının vacibliyini vurğuladı".

B.Quliyev qeyd edib ki, Şuşa Forumundan yayılan əsas mesaj budur:" Azərbaycan qalib dövlətdir, amma revanşist deyil; sülh istəyir, amma güzəştə yox, beynəlxalq hüquqa əsaslanaraq. Bu isə təkcə bölgəmiz üçün deyil, qlobal siyasət üçün də unikal və nümunəvi yanaşmadır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31