Naxçıvan yolunda Rusiya FTX-si, yoxsa ABŞ şirkəti?

Xəbər verildiyi kimi, ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak Vaşinqtonun Bakı ilə İrəvan arasında danışıqları irəlilətmək məqsədilə Zəngəzur dəhlizini idarə etməyə hazır olduğunu bildirib. Diplomatın sözlərinə görə, ABŞ tərəflərə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini 100 il müddətinə öz üzərinə götürməyi təklif edib.

Ermənistan tərəfi məsələyə münasibət bildirib. Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan qeyd edib ki, Vaşinqtonun variantı mümkün deyil: "Ermənistan öz suveren ərazisinə nəzarəti heç bir üçüncü tərəfə həvalə etməyi müzakirə etməyib və müzakirə etmir. Ermənistan Respublikasının ərazisinin heç bir hissəsi Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasından kənarda ola bilməz. Ölkə qanunvericiliyinə görə, Ermənistan torpaqları yalnız kənd təsərrüfatı məqsədilə icarəyə verilə bilər. ABŞ səfirinin dediyi variant mümkün deyil".

Azərbaycanın ABŞ-ın təklifinə cavabı necə olacaq?

Modern.az saytı Azərbaycanın məsələyə mövqeyini öyrənmək üçün Xarici İşlər Nazirliyinə (XİN) müraciət edib. XİN-dən "bu məsələni şərh etmirik" deyə sorğuya cavab verilib.

Bəs Naxçıvana gedən yolda Rusiya FTX-si, yoxsa ABŞ şirkətinin olması bizim üçün daha məqbuldur? Bəlkə heç biri olmasın?

Qeyd edək ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən quru əlaqəsi olan "Zəngəzur dəhlizi" ideyası ilk dəfə məhz üçtərəfli bəyanatda əks olunub. Həmin sənədə görə, Rusiya sərhədçiləri bu yolun təhlükəsizliyini təmin etməli idi. Amma Rusiya bu 5 ildə Zəngəzur dəhlizi məsələsində bir addım belə irəliləyə bilmədi.

Tanınmış naxçıvanlı ictimai-siyasi xadimlərin bu məsələdə mövqeyi necədir?

Fərəc Quliyev

Mövzu ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev "Yeni Müsavat"a danışıb. Partiya sədrinin sözlərinə görə, regionda iştirak edən böyük güclərin hər biri bu cür layihələrə öz maraqları prizmasından yanaşır: "Burada əsas prinsip kimin oranı idarə etməsi, nəzarət etməsi və yaxud orada moderator olmasında deyil. Təbii ki, hər hansı bir dövlət orada istənilən prinsipin tətbiq olunmasında müəllif olmaqda maraqlıdır. Bu da ondan irəli gəlir ki, qazanc əldə etsin. Yəni maraqlarına görə davranırlar. Məsələn, ABŞ özü "Birinci Amerika" şüarı ilə çıxış edir. Bu, 1956-cı ildə qəbul olunmuş şüarlardan biridir və bu modelə əsasən beynəlxalq öhdəliklərdən daha çox Amerika maraqları üstün tutulur. "Birinci Amerika" modeli Amerikanın mənfəətləridir. Zəngəzur məsələsində də onların Türkiyədəki səfirinin bəyanatında bu məqam öz əksini tapır. Amerika istəyir ki, bu məsələlərdə moderator olsun, bölgə uğrunda savaşda önə çıxsın.

Açığı, burada kimin hansı formada nəzarət etməsindən daha çox bizə o lazımdır ki, öz prinsipimiz həyata keçirilsin. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı indiki istəyi nədən ibarətdir? İndiki istək ondan ibarətdir ki, heç bir yoxlama və müdaxilə olmadan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında normal şəkildə əlaqələr yaradılsın, rahat şəkildə gediş-gəliş təmin olunsun. Tutaq ki, gömrük prosedurları başqa dövlətlər üçün tətbiq oluna bilər və bu da normaldır. Məsələn, oradan çoxlu turist və başqa ölkələrin vətəndaşları keçəcək. Amma Azərbaycan pasportunu görən kimi bizim insanlarımız açıq qapı prinsipi ilə həm sərnişin, həm də yük daşımaqla sərbəst şəkildə keçə bilməlidir. Bu prinsiplərə kim əməl edəcəksə, artıq bizim üçün o qədər də əhəmiyyət daşımır".

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu qeyd edib ki, Zəngəzur dəhlizinə hər hansı xarici gücün, istər Rusiya, istərsə də ABŞ-ın  nəzarət etməsi arzuolunan deyil. Onun fikrincə, bu ərazi tarixi və hüquqi baxımdan Azərbaycana məxsusdur və nəzarət də yalnız Azərbaycanın özündə olmalıdır: "Sözün düzü, nə Rusiyanın, nə də Amerikanın Zəngəzur dəhlizinə nəzarət etməsini istərdim. Mən istəyərdim ki, Zəngəzur tamamilə bizim olsun, nəzarəti də özümüz həyata keçirək. Bu bizim suveren hüququmuzdur. Azərbaycanın ərazisində başqa bir dövlətin hökmranlıq etməsi qəbulolunmazdır".

Bununla belə, Novella Cəfəroğlu regiondakı real siyasi vəziyyəti nəzərə alaraq qeyd edib ki, əgər seçim imkanları olsa, ABŞ-ın iştirakı, xüsusilə də Türkiyə ilə birgə fəaliyyəti daha əlverişli ola bilər: "Əgər mütləq şəkildə hansısa gücün orada iştirakı vacib olarsa, mən Rusiya əvəzinə Amerikanın nəzarət etməsini daha məqsədəuyğun hesab edərdim. Çünki ABŞ bu bölgədə Türkiyə ilə müttəfiqdir. Belə bir əməkdaşlıq Azərbaycanın da maraqlarına uyğun olardı. Bu halda həm Ermənistanın, həm də İranın təhdidlərindən müəyyən qədər sığortalanmış olarıq".

Novella Cəfəroğlu Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsinə qəti qarşı olduğunu bildirib və bunun səbəbini tarixi və geosiyasi reallıqlarla əsaslandırıb: "Rusiya hər zaman İranla birlikdə Azərbaycana qarşı düşmən mövqe sərgiləyib. Onlar heç vaxt bizim tərəfimizdə olmayıblar. Tarix boyu bunu görmüşük. Ona görə də Zəngəzurda Rusiya nəzarətinin olması bizim üçün təhlükədir, mən bunu istəmərəm.

Azərbaycanın əsas məqsədi bu dəhliz üzərindən daxili nəqliyyat və iqtisadi əlaqələrini bərpa etmək, suveren ərazidə tam hüquqa malik olmaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31