Ramiyə Məmmədova: “Zəngəzur dəhlizinə nəzarət üçüncü tərəfsiz də mümkündür” – ÖZƏL
16 İyul 2025 15:57 SiyasətABŞ-nin Azərbaycan və Ermənistan arasında anlaşmazlığın "həlli" məqsədilə Zəngəzur dəhlizinə 100 il müddətində nəzarət təklifi Cənubi Qafqazda ciddi rezonans doğurub. Ermənistan dərhal bu ideyanı rədd edib, Türkiyə isə belə bir təklifdən xəbərsiz olduğunu bəyan edib. Hazırda diqqətlər Rusiya və İranın mövqeyinə yönəlib. Rəsmi Bakının bu məsələdə hələlik münasibət bildirməməsi isə diqqət çəkir.
ABŞ-nin dəhlizlə bağlı təklifi Azərbaycan üçün məqbul hesab oluna bilərmi?
"Zəngəzur məsələsi bu gün çox müzakirə olunan və bir çox ölkələr arasında gərginliyə səbəb olan bir məsələdir. Ermənistanın baş naziri ilə prezident İlham Əliyevin görüşü baş tutdu və bu görüş uzunmüddətli, bir neçə saat davam edən müzakirələrlə yadda qaldı. Əslində, biz bu görüşdən ən azından Zəngəzur məsələsinin nəticəsi ilə bağlı konkret açıqlama gözləyirdik. Lakin hələlik bu barədə tam açıqlama əldə edə bilməmişik".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, dəhlizin açılması məsələsində artıq həm Ermənistanın, həm Azərbaycanın, həm də Türkiyənin müəyyən razılığa gəldiyi məlumdur: "Təbii ki, Ermənistanla Azərbaycanın dəhlizin açılması məsələsində razılığa gəlməsi dərhal nəticə vermir, bunun üçün müəyyən vaxt lazımdır. Amma artıq bu istiqamətdə addımlar atılmağa başlanılıb. Qeyd edilməlidir ki, bu dəhlizə nəzarətin Rusiyanın üzərinə düşəcəyi məsələsi daha əvvəlki razılaşmalarda da yer almışdı. Lakin bu gün həm Ermənistan, həm də Azərbaycan tərəfindən səsləndirilən fikirlərdən görünür ki, Rusiya bu razılaşmalara tam uyğun davranmayıb və öhdəliklərini yerinə yetirməyib. Bu da məsələni gündəmə gətirib ki, bəlkə də Zəngəzur dəhlizinə nəzarət Rusiyanın deyil, başqa bir mexanizm üzərindən həyata keçirilsin. Ancaq bu, birtərəfli veriləcək qərar deyil - həm Azərbaycan, həm Ermənistan, həm də Rusiya tərəfindən ortaq razılaşma və açıqlama tələb olunur. Hazırda isə bu istiqamətdə yekun razılaşma yoxdur. Rusiya tərəfi isə hələ də sazişə uyğun şəkildə hərəkət etdiyini bəyan edir".
R. Məmmədova qeyd edib ki, Amerika tərəfindən də bir təklif irəli sürülmüşdü. Bu məsələ əvvəllər də Ermənistan tərəfindən dilə gətirilmişdi, lakin nəticəsiz qalmışdı. İndi isə Ermənistandakı ABŞ səfiri tərəfindən Zəngəzur dəhlizinin 100 illik icarəyə verilməsi təklifi gündəmə gətirilib. Bu təklif ABŞ prezidenti Donald Trampın fikirlərinə əsasən təqdim olunub. Onun ideyası belədir ki, dəhliz 100 illik icarəyə verilsin və heç bir ölkənin fiziki olaraq orada iştirakı olmasın. Beləliklə, məsələ sülh yolu ilə, qarşıdurma olmadan həll edilsin. Lakin burada Türkiyənin mövqeyini də nəzərə almaq lazımdır. Çünki Türkiyə NATO üzvü olaraq bu məsələdə ABŞ qarşısında hansı mövqe ortaya qoyacaq, bu sual altındadır. Əgər dəhlizə nəzarət ABŞ tərəfindən həyata keçirilərsə, bu zaman təbii olaraq Türkiyə əsgərləri də orada iştirak etməlidirlər. Çünki ABŞ əsgərlərindən daha çox regionda yerləşən türk əsgərləri bu prosesi həyata keçirəcək - həm NATO əsgərləri olaraq, həm də regionun coğrafi yaxınlığına görə. Bu səbəbdən də Türkiyə hələlik bu məsələdə susqun mövqe nümayiş etdirir. Türkiyə əvvəldən bu məsələni öz nəzarəti altında saxlamaq istəyib. Buna dair bəzi çıxışlar və bəyanatlar da olub. Amma bu gün ABŞ-nin verdiyi açıqlamadan sonra Türkiyə məsələyə daha ehtiyatla yanaşaraq, təhlillər aparmaqla məşğuldur.
Yenə qeyd etmək lazımdır ki, regionda ABŞ əsgərlərindən daha çox türk əsgərlərinin olması ehtimalı yüksəkdir. Bu həm də NATO-nun daxilində olan balans məsələsidir. Azərbaycanın da bu məsələdə mövqeyi hələ tam aydın deyil. Ola bilsin ki, Azərbaycan da hazırda danışıqlar və analizlər aparır. Çünki əgər burada əsas rol Türkiyə əsgərlərinə veriləcəksə, Azərbaycan buna daha isti yanaşa bilər. Amma yenə də bu, tam razılaşdırılmayıb və müxtəlif ehtimallar müzakirə olunur.
Burada əsas məsələ odur ki, Amerikanın bu bölgədə fiziki varlığı nə qədər realdır?
Bu sualı ciddi şəkildə düşünmək lazımdır. Çünki ABŞ əsgərlərinin bölgədə yerləşdirilməsi həm İranın, həm də Rusiyanın ciddi narahatlığına səbəb olacaq və bu, regionda yeni gərginlik ocaqları yarada bilər. Bu da ümumi sabitliyi poza bilər. Təbii ki, əgər Türkiyə ilə əvvəlcədən razılaşdırılarsa və Türkiyə NATO çərçivəsində deyil, məhz Türkiyə dövləti olaraq orada yer alsa, bu, daha qəbulolunan bir variant ola bilər. Lakin son açıqlamalardan sonra artıq Türkiyənin də NATO əsgəri statusunda orada iştirakı gündəmdə ola bilər. Bu səbəbdən hələlik bu məsələ ilə bağlı müxtəlif təhlillər aparılır və mövqelər formalaşmaqdadır. Amma ABŞ əsgərlərinin birbaşa iştirakı məsələsi çox həssasdır və bu, regionda gərginliyi daha da artıra bilər.
Siyasi şərhçinin sözlərinə görə, artıq Azərbaycanla Ermənistan bir-biri ilə birbaşa dialoq qurmaq imkanına sahib olublar. Əgər bu iki ölkənin rəhbərləri - Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri - üçüncü tərəflərin iştirakı olmadan bir platformada görüşüb razılığa gələ bilirlərsə və Ermənistandakı siyasi proseslər də bu istiqamətdə uyğunlaşırsa, o zaman dəhliz məsələsi də eyni yolla həll edilə bilər. Yəni, heç bir üçüncü dövlətin iştirakı olmadan, yalnız Azərbaycan və Ermənistan arasında əldə edilən qarşılıqlı razılaşma əsasında dəhlizə nəzarət mexanizmi formalaşdırıla bilər. Əgər bu nəzarət üçüncü dövlətin iştirakı ilə həyata keçirilsə belə, bu artıq iki ölkənin razılığı əsasında mümkün olacaq. Çünki biz artıq gördük ki, Azərbaycan və Ermənistan bir çox məsələlərdə üçüncü tərəflərin müdaxiləsi olmadan razılaşma əldə edə bilirlər. Mənim fikrimcə, əgər bu məsələ də belə bir yolla tənzimlənərsə, bu, nəinki bölgədə gərginliyi azaldar, eyni zamanda regional sabitlik və inkişaf üçün də əhəmiyyətli rol oynayar.
Səidə Ramazanova