Trampın Putinə vaxt verməsilə qorxunc ssenari işə düşdü
15 İyul 18:55 SiyasətSiyasi-diplomatik imkanların tükənməsi Tramp adminstrasiyasını Rusiyaya qarşı təzyiqləri sərtləşdirmək məcburiyyətində buraxıb... Ancaq Ağ Ev ABŞ-ın Ukraynaya hərbi yardımlarını biznes sahəsinə çevirərək, Avropa Birliyi və NATO-ya satmağa üstünlük verir...
Ukrayna savaşının dayandırılması üzrə sülh danışıqlarının iflasa uğraması, qlobal güc mərkəzlərinin sərt ritorikası və iqtisadi təzyiqlərin ön plana keçməsi bu müharibədə yeni mərhələnin ilkin əlamətləri hesab olunur. Belə ki, siyasi-diplomatik cəhdlərin nəticəsiz qalması fonunda həm Qərb dairələrində, həm də ABŞ-ın mövqeyində strateji yanaşmalar sürətlə dəyişməkdədir. Və ABŞ prezidenti Donald Trampın NATO-nun baş katibi Mark Rutte ilə görüşdə verdiyi təhdidkar bəyanatlar bu mürəkkəb hərbi böhranın daha təhlükəli mərhələyə keçdiyini göstərir.
Ukraynanın BMT-dəki daimi nümayəndəsi, xarici işlər nazirinin müavini Sergey Kislitsanın bildirdiyinə görə, İstanbulda keçirilmiş danışıqlar formatı faktiki olaraq, öz aktuallığını itirib. S.Kislitsanın sözlərinə görə, bu formatda tammiqyaslı siyasi danışıqlar aparılmayıb, yalnız müəyyən humanitar məsələlər müzakirə predmeti olub. Ən əsası isə, Kreml rəsmi Kiyevin təklif etdiyi atəşkəs şərtlərini qəti şəkildə rədd edib.
Bu bəyanat diplomatik kanalların artıq real nəticə vermədiyini, tərəflərin daha çox savaş meydanında hərbi üstünlük qazandıqdan sonra masaya əyləşmək niyyətində olduğunu ortaya qoyur. Əslində, bu, son iki ildə Qərbin hərbi dəstəyindən qaynaqlanan Ukraynanın sərt mövqeyi və Rusiya tərəfindən diplomatiyanın daha çox vaxt qazanmaq üçün istifadə olunması ilə bağlı yaranan qarşılıqlı inamsızlığın real nəticəsidir. Və hələlik Rusiyanın aqressiv şərtləri sülh masasının boş qalmasını təmin edir.
Maraqlıdır ki mövcud situasiya daha çox Tramp adminstrasiyasını ciddi şəkildə qıcıqlandırır. Prezident Donald Tramp Rusiyanın sülh prosesini davamlı olaraq, pozmasını həm ABŞ-ın, həm də özünün beynəlxalq nüfuzuna ağır zərbə hesab edir. Ona görə də, ABŞ lideri Ağ Evdə NATO baş katibi Mark Rutte ilə görüşdən sonra verdiyi açıqlamalarda Rusiya prezidenti Vladimir Putini olduqca kəskin ritorika ilə hədəfə alıb: "Putin Klintonu, Buşu, Obamanı və Baydeni aldatsa da, məni heç vaxt aldada bilməz".
Digər tərəfdən, Ağ Ev sahibi sərt ritorikasını Rusiyaya qarşı təhdidkar xəbərdarlıq mesajı ilə zənginləşdirib. Belə ki, prezident Donald Tramp, əgər, yaxın 50 gün ərzində Kreml Ukrayna savaşının dayandırılması ilə bağlı razılaşma əldə etməsə, Rusiyaya qarşı çox sərt iqtisadi sanksiyalar tətbiq edəcəyini bildirib. Onun fikrincə, prezident Vladimir Putin əvvəlcə "çox gözəl danışır", ardınca isə Ukraynada mülki obyektləri bombalayır.
Təbii ki, belə təhdidlər, həm də prezident Donald Trampın xarici siyasətindəki diplomatik ənənələrdən uzaq, daha çox iqtisadi təzyiq və "ticarət diplomatiyası"na əsaslanan yanaşmasının davamı kimi görünür. Onun prezident Vladimir Putini "aldadıcı lider" kimi təqdim etməsi və eyni zamanda, onunla danışıqlar yolu ilə nəticə əldə edə biləcəyinə inanması, Ağ Ev sahibinin hələ seçkiqabağı qeyri-realist vədlərindən uzaqlaşıb, real situasiyanın tələblərinə yaxınlaşa bilmədiyini də biruzə verir.
Ona görə də, prezident Donald Tramp bir tərəfdən, Rusiyanı təhdid edir, digər tərəfdən isə Ukrayna savaşını hərbi biznesə çevirməyə çalışır. Belə ki, son məlumatlara görə, Tramp administrasiyası Ukraynaya göndərmək məqsədilə NATO-ya 10 milyard dollar dəyərində silah satışının biznes planı üzərində işləyir. Ukraynaya göndəriləcək bu silahların sırasında hava hücumundan müdafiə sistemləri, raketlər və artilleriya sursatları yer alır. Bu, təxminən Bayden adminstrasiyasının hərbi dəstəyi ilə eyni səviyyədədir. Ancaq bu dəfə hərbi dəstəyin maliyyə yükünü ABŞ deyil, məhz NATO üzvü olan Avropa ölkələri çəkəcək.
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker isə bu hərbi biznes planının prezident Donald Trampın iqtisadi strategiyasının tərkib hissəsi olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Ağ Ev sahibi silah istehsalını yalnız hərbi məqsədlə deyil, həm də ABŞ iqtisadiyyatını gücləndirmək və daxili sənaye sektoruna dinamika vermək üçün fürsət kimi görür.
Belə anlaşılır ki, Tramp adminstrasiyası dönəmində ABŞ-ın daxili iqtisadiyyatı üçün hərbi sənaye kompleksi yenidən əsas cazibə mərkəzinə çevrilir. Avropa Birliyi isə həm maliyyə baxımından, həm də siyasi baxımdan, daha böyük məsuliyyət daşımağa məcbur qalır. Çünki Tramp adminstrasiyası ABŞ-ın Ukraynaya hərbi yardımlarını biznes sahəsinə çevirərək, Avropa Birliyi və NATO-ya satmış olur. Və ABŞ-ın bu taktikası Avropadakı bəzi NATO ölkələri üçün həm müharibə yükünü artırır, həm də kollektiv Qərbin birlik prinsiplərini sarsıdır.
Göründüyü kimi, sülh masasının süqutundan sonra prezident Donald Trampın sərt, iqtisadi əsaslı yanaşması Ukrayna müharibəsində artıq danışıqlarla deyil, daha çox "güc siyasəti" və "ticarət alətləri" ilə pozitiv nəticənin axtarıldığını göstərir. Siyasi-diplomatik imkanların tükənməsi, Tramp adminstrasiyasını Rusiyaya qarşı təzyiqləri sərtləşdirmək məcburiyyətində buraxıb. Və bu prosesin nə qədər təhlükəli istiqamətlər almaqda olduğunu Ağ Ev sahibinin Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiya paytaxtı Moskvanı vurmağı təklif etməsi də göstərir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert
Yeni Müsavat