Azərbaycan-Ermənistan sülh prosesi: Konstitusiya əsas maneə olaraq qalır – ÖZƏL

Azərbaycan və Ermənistan liderləri iyulun 10-da Əbu-Dabidə sülh sazişinin mətnini müzakirə etsələr də, imzalanma tarixi müəyyənləşməyib. İddialara görə, sənədin 2025-ci ilin sonuna qədər imzalanması nəzərdə tutulur.
Rəsmi Bakı əsas şərt kimi Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılmasını tələb edir. İrəvan isə bununla bağlı referendum keçirməyi planlaşdırsa da, prosesin vaxtı bəlli deyil.

Bu halda sülh sazişinin ilin sonunadək imzalanması nə dərəcədə realdır?

"Mövcud şəraitdə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması real görünmür. Bunun başlıca səbəbi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Belə bir maddə olduğu təqdirdə qısa zamanda imzalanacaq sənədin mahiyyəti və davamlılığı sual altına düşür".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, ilk növbədə Ermənistan, rəsmi Bakının da dəfələrlə tələb etdiyi kimi, Konstitusiyasında yer alan ərazi iddiaları ilə bağlı müddəaları ləğv etməlidir. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan son görüşdə də, böyük ehtimalla, əsas müzakirə mövzusu məhz bu məsələ olub. Bu istiqamətdə müəyyən anlaşmaların və mövqelərin yaxınlaşmasının baş verdiyi ehtimal olunur. Hətta Paşinyan hakimiyyətinin Konstitusiyanı dəyişməyə meyilli olduğu da müşahidə edilir. Yeni Konstitusiyanın hazırlanması ilə bağlı proseslərin sürətləndirilməsi niyyəti artıq açıq şəkildə görünür. Əgər Ermənistan həqiqətən də bu ilin sonunadək referendum keçirərək Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaları ləğv etsə, bu zaman yekun sülh sazişinin imzalanması qarşısında ciddi bir maneə qalmaz.

E. Xalidbəyli qeyd edib ki, əgər İrəvan operativ şəkildə hərəkət edib Konstitusiyanı dəyişə bilsə və bu addımı ilin sonuna qədər atsa, o zaman 2025-ci ilin sonuna doğru Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması tamamilə mümkün ola bilər. Hazırda bu prosesin taleyi Paşinyan hakimiyyətinin nə dərəcədə çevik və qətiyyətli addımlar atmasından asılıdır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31