Kreml narahatdır: Bakı NATO-ya yaxınlaşır - ÖZƏL
14:42 SiyasətCənubi Qafqazda nüfuzunu itirən Rusiya Qərbi və xüsusilə NATO-nu ittiham edir. Kremlə yaxın "Svobodnaya pressa" Azərbaycanın NATO ilə yaxınlaşmasını və Türkiyə hərbi bazasının qurulması ehtimalını ciddi təhlükə kimi təqdim edir. Məqalədə iddia olunur ki, Bakı artıq Qərbyönlü seçim edib və bu, Moskvanın Şimal-Cənub dəhlizi kimi layihələrinə mənfi təsir göstərir.
Rusiya nəşrləri Azərbaycanın NATO ilə hərbi əməkdaşlığını İran və Rusiyaya təzyiq aləti kimi qiymətləndirir, Böyük Britaniyanın Azərbaycandakı hərbi attaşelik funksiyasını bərpa etməsini isə Qafqazda Qərb təsirinin artması kimi dəyərləndirirlər.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Rusiyanın əsas siyasəti ondan ibarətdir ki, keçmiş postsovet məkanı ölkələrini öz təsir zonasında saxlamaq və onları öz arxa baxçası kimi dəyərləndirməkdir:
" Rusiyada bu, neoimperialist düşüncənin bir təzahürü kimi dəyərləndirilməlidir.
Xüsusilə Azərbaycanın Qərblə, NATO ilə yaxınlaşması, Britaniya hərbi attaşesinin təyin olunması, Türkiyə ilə əlaqələrlə bağlı yazılan məlumatlar bu kontekstdə diqqət çəkir.
Əlbəttə ki, bunların hamısında məqsəd birdir. Məqsəd ondan ibarətdir ki, Rusiya media məkanında Azərbaycana qarşı aparılan total əks-təbliğat kampaniyasına müəyyən don geyindirmək və ona bəraət qazandırmaqdır. Belə ki, Rusiya cəmiyyətinə aşılanmağa çalışılır ki, guya Azərbaycan Qərblə ciddi əməkdaşlıq edir, NATO bazaları Azərbaycanda qurulacaq, Azərbaycan NATO-ya üzv olacaq və sair bu tipli fikirlər səsləndirilir.
Əlbəttə ki, bunların həqiqətlə heç bir əlaqəsi yoxdur. O baxımdan ki, Azərbaycan NATO və Avropa İttifaqı ilə müəyyən əməkdaşlıqlar edir, amma eyni zamanda Azərbaycan Prezidenti dəfələrlə açıq mətnlə bəyan edib ki, Azərbaycanın xarici siyasətinin hədəfi nə Avropa İttifaqına, nə də NATO-ya qoşulmaqdır. Yəni, bu niyyətlər istisna edilir və Azərbaycanın siyasətində belə bir istiqamət nəzərdə tutulmayıb. Biz sadəcə olaraq bu qurumlarla müəyyən formatlarda əməkdaşlıq edirik, lakin tam hüquqlu üzvlüklə bağlı hər hansı niyyətimiz yoxdur.
Bütün bu rəsmi açıqlamalara baxmayaraq, bu cür təbliğatın aparılması bir daha Rusiyanın əks-təbliğat kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Azərbaycanın Türkiyə ilə münasibətlərinə gəldikdə isə bu, tamamilə fərqli bir mövzudur. Azərbaycan Türkiyə ilə dost, qardaş və müttəfiq bir ölkədir. Bizim münasibətlərimiz Şuşa Bəyannaməsi ilə tənzimlənir. Amma bunlar, heç də o demək deyil ki, Azərbaycanda Türkiyənin bazası ola bilər. Yəni dolayısıyla NATO bazasının qurulması nəzərdə tutulur fikri əsassızdır.
Bu məsələdə Azərbaycan Prezidentinin fikirlərini xatırlamaq yerinə düşər. Qeyd olunur ki, bazaların qurulmasına ehtiyac yoxdur. Bunun bir neçə səbəbi var.
Birincisi, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. İkincisi, Azərbaycanın özünü müdafiə etmək üçün kifayət qədər imkanları var. Üçüncüsü, məhz Şuşa Bəyannaməsində qeyd olunan müddəalar hərbi-texniki sahədə məsləhətləşmələr və yardımdan ibarətdir.
Bunun üçün hərbi bazaların qurulmasına ehtiyac yoxdur. Sadəcə olaraq, Azərbaycan ordusu Türkiyə ordusunun standartlarına uyğunlaşdırılır. Bu da gizli deyil, açıq şəkildə qeyd olunur və bu istiqamətdə işlər aparılır.
NATO üzvlüyü məsələsinə gəldikdə isə Azərbaycanın belə bir niyyəti yoxdur. Əməkdaşlıq istiqamətləri olsa da, bloka üzvlük məsələsi nəzərdən keçirilmir və bu, yaxın 10 illiklər üçün də gündəmdə deyil. Mən düşünmürəm ki, Azərbaycanda bu istiqamətdə hansısa bir niyyət var.
Bu, yalnız Azərbaycanın istəyi ilə bağlı deyil. Eyni zamanda NATO-nun da bu tip strategiyası yoxdur. NATO üzvlüyü məsələsi özü ilə müəyyən risklər də gətirə bilər.
Bu baxımdan, biz regionda qonşu olduğumuz İran və Rusiya ilə münasibətlərimizi normal saxlamaq üçün onların rəqib saydığı və əks cinahda gördüyü qüvvələrlə də balanslı siyasət həyata keçiririk. Və bu, ən doğru yanaşmadır. Bu baxımdan düşünürəm ki, bu risklərin qarşısını almaq üçün Azərbaycanın indiyə qədər həyata keçirdiyi balanslı siyasəti davam etdirməlidir" .
Zeynəb Mustafazadə