“Rusiya yenidən bölgəni qarışdırmaq istəyir” – Taleh Əliyev – ÖZƏL
12:57 SiyasətƏbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin vasitəçisiz keçirdiyi konstruktiv görüş Rusiya tərəfindən narahatlıqla qarşılanıb. Moskvanın geosiyasi təsir imkanlarının zəiflədiyi bir vaxtda tərəflərin birbaşa dialoq yolu ilə irəliləməsi Kremldə mənfi reaksiyaya səbəb olub. Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun Sünik bölgəsinin Azərbaycana qaytarılması ilə bağlı səsləndirdiyi fikirlər Ermənistanda siyasi təşvişə yol açıb. Analitiklərə görə, Rusiya bu bəyanatlarla həm Ermənistan cəmiyyətində xaos yaratmağa, həm də Paşinyan hökumətinə təzyiq göstərməyə çalışır.
Rusiya Cənubi Qafqazdakı təsirini itirdikcə, Azərbaycan-Ermənistan münasibətlərinə təsir imkanlarını hansı yollarla qorumağa çalışır? Milonovun açıqlaması Kremlin rəsmi mövqeyi kimi qəbul oluna bilərmi, yoxsa bu, yalnız ictimai təzyiq vasitəsidir?
Mövzu ilə bağlı Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev Olaylar.az-a açıqlamasında bildirib ki, Rusiyanın bəzi rəsmilərinin Azərbaycana dair "xoşməramlı" bəyanatları əslində səmimi deyil, regionda təsirini qorumağa yönəlmiş siyasi manevrdir:
"Azərbaycan xanlıqlarının işğal edilməsi, xüsusilə də İrəvan xanlığı ərazisində 1829-cu ildə yaradılan "Erməni vilayəti" ilə Rus İmperiyası Azərbaycan torpaqlarını mərhələli şəkildə ermənilərə verərək regionda erməni dövlətinin əsasının qoyulmasına səbəb oldu. Bu gün rəsmi Kremlin mövqeyini təmsil etməyən bəzi Rusiya rəsmilərinin "Ermənistanın filan ərazisi Azərbaycana verilməlidir" kimi açıqlamaları əslində Azərbaycana olan sevgidən qaynaqlanmır. Bu, daha çox Ermənistanda daxili siyasi gərginliyi azaltmaq və guya Azərbaycana xoşməramlı mesaj vermək cəhətidir. Ancaq həm Azərbaycan siyasi hakimiyyəti, həm də Azərbaycan ictimaiyyəti bu kimi bəyanatların arxasında nələrin dayandığını çox yaxşı anlayır və bu çıxışları xoşməramlı jest kimi qəbul etmir".
Siyasi şərhçinin sözlərinə görə, əslində məqsəd - öz çirkin niyyətlərini pərdələyərək Azərbaycanla Ermənistanı yenidən qarşı-qarşıya qoymaq, bölgədə müharibə riskini artırmaq və beləliklə də regionu yenidən öz təsiri altına salmaqdır. Bu, klassik Rusiya siyasətidir: bölgədə "parçala, hökm sür" strategiyasını tətbiq etmək. Bu baxımdan Azərbaycanda heç kim rusiyalı deputatın bu cür açıqlamasına sevinmir. Əksinə, bu fikirlərin heç də səmimi olmadığının fərqindədir. Bir daha xatırlatmaq lazımdır ki, 1813-1828-ci illər arasında Azərbaycan torpaqlarının işğalı nəticəsində erməni vilayəti yaradıldı. Daha sonra isə bu vilayət genişləndirilərək hazırkı Ermənistan dövlətinə çevrildi. Bütün bu proseslərin bir nömrəli təşkilatçısı və əsas səbəbkarı Rusiya İmperiyası olub və bu, onun imperiya maraqları çərçivəsində həyata keçirilib. Məqsəd isə aydındır: Azərbaycanı parçalamaq, xüsusilə də onun Türkiyə və Türk dünyası ilə əlaqələrini kəsmək. Bu siyasət Moskvanın maraqlarına xidmət edir. Əslində, tarixi baxdıqda belə niyyətlər ermənilərin deyil, Rusiyanın planları olub.
T. Əliyev vurğulayıb ki, bu gün bu fikirləri səsləndirən ermənilər isə Rusiyanın beşinci kolonunu təmsil edən şəxslərdir. Onlar sadə agentlər deyil, yüksək səviyyəli təsir agentləridir və məqsədləri erməni xalqının firavan gələcəyini təmin etmək deyil, Rusiya imperiyasının maraqlarını qorumaq və genişləndirməkdir. Nəticədə həm Azərbaycan, həm də Ermənistan Rusiyanın "parçala və idarə et" siyasətinin hədəfinə çevrilir.
Səidə Ramazanova