Dünya azərbaycanlıları dövlət maraqlarımızın qorunması üçün səylərini səfərbər etməlidirlər

İstiqamət: diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra məsələlərin həllinə zəmin yaranmışdı. Belə məsələlərdən biri də dövlətin müstəqilliyinə dəstək ola biləcək lobbiçilik fəaliyyətinin təmin edilməsi idi.  Bundan ötrü dünyaya səpələnmiş soydaşlarımızın yaşadıqları ölkələrdə diaspora təşkilatları  yaradılmalıydı. Xatırladaq ki,  siyasi, iqtisadi böhran, daxili çəkişmələr, xüsusən də Ermənistanla müharibə şəraiti yenicə müstəqillyə qədəm qoymuş  Azərbaycanın bir dövlət olaraq mövcudluğunu sual altına almışdı. Xarici havadarlarının, diaspora təşkilatlarının köməyi nəticəsində müharibədə, eləcə də informasiya mübarizəsində üstünlük əldə edən Ermənistanın çirkin planlarının qarşısını almaq, vəziyyəti xeyrimizə dəyişmək və haqq səsimizi dünyaya çatdırmaq üçün isə qüdrətli dövlət və güclü lobbinin yaradılması vacib idi. Belə bir şəraitdə-1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummill lider Heydər Əliyev bütün məsələləri müdriklik və təmkinlə sahmana salmağa başladı. Qətiyyətli iradəsi sayəsində ölkədə tədricən ictimai-siyasi sabitlik bərqərar oldu, dövlətin milli-mənəvi dəyərlərə söykənən demokratik əsaslarla idarə olunmasını təmin edən ən mütərəqqi qanunvericilik bazasının formalaşdırılması istiqamətində ciddi addımlar atıldı. Paralel olaraq xarici səfərlərdə olarkən Ümummilli liderimiz mütəmadi olaraq vaxt tapıb həmin ölkədə yaşayan həmvətənlərimizlə görüşür, onları dinləyir, məsləhətlər verir, həmişə Azərbaycanla, eləcə də digər ölkələrdə yaşayan soydaşlarımızla sıx əlaqədə olmağı tövsiyə edirdi. Beləliklə, diaspor quruculuğu  Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi, icmalar, cəmiyyət və birliklərarası fəaliyyətin genişləndirilməsi, müntəzəmliyin təmin olunması vacib və təxirəsalınmaz məsələlər kimi ortaya çıxmışdı. Bunu zamanında dəyərləndirməyi bacaran  Ümummilli liderimiz 23 may 2001-ci il tarixində "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" sərəncam imzaladı. Təxminən beş ay yarım sonra - noyabr ayının 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu hadisə tariximizə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. Beləliklə xarici ölkələrdə Azərbaycan diasporasının fəaliyyəti üçün hüquqi zəmin yaradıldı.

Bu siyasi xətti Prezident İlham Əliyev də əsas götürərərk  lobbiçiliyin həyata keçirilməsi üçün ilk növbədə xarici dövlətlərdə güclü diasporun formalaşdırılması, eləcə də qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinin əhəmiyyətini nəzərə alaraq 2008-ci il noyabrın 19-da "Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərman imzaladı. İndi diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilməkdədir. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində qarşıya yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirir. Elə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları da qarşılarına bu tarixi missiyanı daşımaq vəzifəsini qoydular. Nəticədə inkişaf edib yaşadıqları ölkələrin ictimai-siyasi həyatında vacib elementə çevrildilər. Qısa zaman kəsiyində diaspora təşkilatlarımızda təmsil olunan azərbaycanlılar yaşadıqları ölkələrin idarəçilik sahələrinə də nüfuz etməyi bacardılar. Hazırda  Azərbaycanın ən güclü diaspor təşkilatları Rusiya Federasiyasında faliyyət göstərirlər. Diaspora nümayəndələrimiz bu ölkənin ali qanunverici və icraedici orqanlarında təmsil olunurlar. Başqa sözlə, Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları bu ölkənin siyasi həyatında mühüm yer tuturlar. Lakin Rusiya Federasiyasının siyasi elitası Azərbaycan diaspora təşkilatlarının lobbiçilik fəaliyyətini heç cür həzm edə bilmir. Elə bu səbəbdən də diaspor təşkilatlarımızı parçalamaq məqsədilə ən müxtəlif təxribatlara əl atırlar. Son günlərdə Rusiyanın Yeterenburq, Voronej şəhərlərində baş verən hadisələr fikrimizi bir daha təsdiqləyir.

Belə ki, iyunun 27-də Yekaterinburqda Rusiya təhlükəsizlik qüvvələri azərbaycanlılara qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. İki nəfərin həlak olduğu əməliyyat nəticəsində Ayaz, Akif və Məzahir Səfərovlar da daxil olmaqla bir neçə nəfər saxlanılıb.

Yekaterinburq  Leninski Rayon Məhkəməsində saxlanılan azərbaycanlılar - Bəkir Səfərov və Şahin Lalayevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Xüsusi diqqət çəkən məqamlardan biri isə Azərbaycan diasporunun tanınmış simalarından biri, diaspor təşkilatının rəhbəri Şahin Şıxlinskinin də məhkəmə binasına gəlməsi olub. O, həmvətənlərinə dəstək vermək üçün bölgəyə şəxsən gəlib və prosesin gedişini yaxından izləyib. Elə bu səbəbdən də Rusiyanın Ural vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskı və oğlu Mutvali Şıxlınski saxlanılıb.

Onların bir tək "günahı" son günlər qanunsuz həbs olunmuş diaspora üzvlərinin hüquqlarını müdafiə etmələridir. Bütün dünyaya yayılmış vəhşicəsinə döyülmüş soydaşlarımızın məhkəmə prosesində Şıxlinskilər müdafiəçi qismində iştirak ediblər və məhz buna görə onlara qarşı zorakılıq tətbiq edilib, vəkil olan ata və oğul qatı cinayətkarlar kimi hər kəsin gözü qarşısında təhqir olunub, döyülüblər. Bir daha xatırladaq ki, Şahin Şıxlinskı və oğluna qarşı belə qəddar münasibətin səbəbi  onun  Azərbaycanın diaspor fəallarından biri olmasıdır. O, Ural bölgəsində yaşayan azərbaycanlıların ictimai-siyasi həyatında mühüm rol oynayan diaspora fəalıdır. Şıxlınski "Azərbaycan-Ural" milli-mədəni təşkilatının rəhbəri kimi Yekaterinburqda azərbaycanlı məktəblilər üçün şənbə məktəbləri, mədəni tədbirlər və ictimai aksiyalar təşkil edib. Humanitar yardımlar, o cümlədən Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım aksiyaları da onun təşəbbüsü ilə həyata keçirilib.

Həmçinin  "Lukoyl" şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyev Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vəhşicəsinə saxlanılıb. Paralel olaraq, Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib. O, regionun ən böyük Alekseyevski bazarının həmsahibidir. Ümumilikdə Rusiya Rusiya hüquq-mühafizə orqanları tərəfindən diaspora fəalı olan onlarla azərbaycanlı saxlanılıb, mülkləri talan edilib, ailə üzvlərinə qarşı zorakılıq edilib.

Göründüyü kimi Rusiyada yaşayan azərbaycanlılar diaspora və sahibkarlıq fəaliyyətlərinə görə qanunsuz həbs olunur, onlara qarşı alçaldıcı şəkildə qeyri-adekvat güc tətbiq olunur. İndiki həssas məqamda istər lobbiçilik, istərsə də onun hərəkətverici qüvvəsi olan diasporun əsasını üzvlərin, yəni bütün dünyada yaşayan azərbaycanlıların milli birliyi vacib şərtdir. Yalnız həmrəylik və milli birliyin gücü ilə belə şovinizm siyasətini üstələmək olar. Nəzərə alaq ki, hazırda dünyada yaşayan azərbaycanlılar güclü və əlaqəli lobbiçilik fəaliyyəti göstərirlər. Azərbaycan diasporu dünyanın və Avropanın ən iri ölkələrində geniş şəbəkə kimi təmsil olunur.

Artıq erməni lobbisi dünyanın harasında anti-Azərbaycan tədbiri keçirməyə cəhd edirsə, qarşısında mütləq mütəşəkkil və güclü Azərbaycan lobbisini görür. Dövlətimiz bu istiqamətdə perspektivə hesablanmış addımlar atır. Konkret olaraq, Prezident İlham Əliyev xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə xüsusi diqqət yetirir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyətinə çatdırılması işində xaricdəki soydaşlarımızı daha fəal olmağa çağırır. Azərbaycançılıq ideologiyasının xaricdə yaşayan soydaşlarımızın mənəvi-siyasi birliyinin əsas istinad nöqtəsinə çevrilməsi istiqamətində məqsədyönlü iş aparır. Buna rəğmən dünya azərbaycanlıları arasında əlaqələr daha sıx şəkildə koordinasiya olunmalı, dünyada yaşayan bütün azərbaycanlılar dövlət maraqlarımızın qorunması üçün səylərini səfərbər etməlidirlər. Yalnız bu halda Azərbaycan müstəqil dövlət olaraq xaricdə yaşayan soydaşlarımızın hüquq və maraqlarını heç bir maneə olmadan qoruma imkanına malik olar.  

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31