Türkiyənin dron koalisiyasına qoşulması: Neytrallıqdan tərəf seçməyə doğru?- ÖZƏL
16:08 SiyasətTürkiyənin "Dron Koalisiyası"na qoşulması onun Rusiya-Ukrayna münaqişəsində neytral mövqeyini zəiflədə bilər. Politoloq Engin Özer hesab edir ki, bu, vasitəçilik səylərinə mənfi təsir göstərə və etimadı azalda bilər. Halbuki Türkiyə üçün neytrallıq regional nüfuz baxımından vacibdir.
"Türkiyənin "Dron Koalisiyası"na qoşulması Rusiya tərəfindən yaxşı qarşılanmayacaq və ola bilər ki, bu fəaliyyətlə Türkiyəni neytral ölkə siyasətindən çıxarsın. Düşünmürəm ki, Rusiya Türkiyəni dost olmayan ölkələr sırasına daxil edər, amma ən azından bir tərəf ölkə kimi görməyəcək və danışıqlar prosesində Türkiyənin bundan sonrakı roluna da müəyyən mənada təsir edə bilər".
Bu fikirləri politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında söyləyib:
" Burada biz regional reallıqları nəzərə almalıyıq və Türkiyənin bu qərarı verərkən nəyi nəzərə aldığını yaxşı analiz etməliyik.
ABŞ, əsasən, Donald Tramp hakimiyyətə gəlməsindən sonra Ukraynaya dəstəyi azaldır və hətta zaman-zaman bu dəstəyin tamamilə dayandırılması kimi məsələlər gündəmə gəlir. Məsələn, əgər belə bir hal baş verməsə, onda Avropanın təhlükəsizliyi ilə yanaşı, Türkiyənin özünün də təhlükəsizliyi məsələsi ortaya çıxacaq. Çünki Rusiya mahiyyət etibarilə imperiyadır, sərhədlərini genişləndirmək və dünya liderliyi uğrunda mübarizə aparır.
Burada Rusiyanın özünü Pravoslav Kilsəsinin hamisi elan etməsini də unutmamalıyıq. Hər nə qədər bu gün müasir dövlətçilikdə bir çox ölkələr, o cümlədən Türkiyə və Rusiya özü də dindən ayrı dövlət olduğunu iddia etsə də, Rusiyanın tarixdən gələn Pravoslav hakimiyyət siyasəti mövcuddur. Bu siyasətin gərəyi olaraq da Rusiya tərəfi zaman-zaman
İstanbula iddialar irəli sürüb. Hətta İstanbulu türklərdən geri almaq mövqeyində də dayanıblar. Türkiyə bilir ki, Ukraynada da məğlubiyyət, Rusiyanın xeyirinə atəşkəş bir sonraki mərhələdə Türkiyənin öz regional maraqlarına zərər verə bilər və Türkiyənin dünya siyasətində ciddi çatışmazlıqlar, boşluqlar yarada biləcəyi ehtimalı var. Ona görə də Türkiyə tərəfi əslində neytrallıq siyasətini davam etdirməyə daha həvəsli görünsə də, lakin regional reallıqlar onu Ukraynanın məğlubiyyətinin qarşısını almağa da sövq edir və buna görə Türkiyə maksimum dərəcədə paralel addımlar atmağa çalışır, yəni nə tərəf seçmək istəyir, nə Rusiyadan, nə də Ukraynadan yana olmaq istəyir, həmçinin Ukraynanın məğlubiyyətinə də razı deyil.
Neytrallığın Türkiyə üçün niyə vacib olduğuna gəlincə, bugün dünya siyasətində Qərb və Şərq blokları arasında, eləcə də ayrı-ayrılıqda Qərbə (Avropa dövlətləri və ABŞ) və Rusiyaya, Çin arasında ciddi mübarizə gedir. Belə bir vəziyyətdə Türkiyə neytral qalmaqla bu iki güc mərkəzini üz-üzə qoyur və birinin digərini zəiflətməsinə şərait yaradır. Nəticədə isə öz regional maraqlarına daha az itki ilə çatmağa çalışır.
İndi Türkiyənin neytrallığının pozulması ən pis halda bloklar arasında seçim etməsi ilə nəticələnə bilər ki, burada da Türkiyə zamanla münaqişənin tərəfi kimi çıxış edə və yaxud münaqişə tərəfi kimi qəbul edilə bilər. Bu isə onun öz maraqlarını bərpa etmək və dünya siyasətində aktiv oyunçu olmaq imkanlarına ciddi zərər verə bilər".
Zeynəb Mustafazadə