Azərbaycanda vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Notariat haqqında" və "İcra haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Olaylar.az xəbər verir ki, sənədə əsasən, əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir.

Vərəsə mirasın qəbulundan imtina üçün bu Məcəllənin 1256-cı maddəsində müəyyən edilmiş müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə bilər. Mirasın siyahıya alınması barədə vərəsənin notariusa müraciət etdiyi andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı dayandırılır. Mirasın notarius tərəfindən siyahıya alındığı (siyahıya alınacaq əmlakın olmadığı hallarda isə vərəsənin müraciətinin cavablandırıldığı) andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı bərpa edilir. Notarius tərəfindən mirasın siyahıya alınması bu barədə müraciətin daxil olduğu gündən iki ay ərzində "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər.

Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol verilir.

Ölmüş vərəsənin vərəsəsinin mirasın qəbulundan imtina üçün müəyyənləşdirilmiş müddəti üç aydan az olarsa, həmin müddət üç ayadək uzadılır.

Bu zaman yerində olmayan vərəsənin payı ayrılmalıdır.

Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

Vərəsə miras açıldıqdan sonra onun müəyyənləşdirilmiş müddətdə qəbulundan imtina etmədən ölərsə, mirasın qəbulundan imtina etməmiş vərəsənin vərəsələri ilkin miras qoyandan qalmış əmlaka mirasın qəbulundan imtina etməmiş vərəsənin əmlakı kimi vərəsəlik şəhadətnaməsi ala bilərlər.

Notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərir.

Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən bu Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil edilir.

Hər bir miras şəriki bu Məcəllənin 1325.2-ci maddəsində müəyyən edilmiş payına da vərəsəlik şəhadətnaməsi ala bilər.

Bu Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş miras şəriklərinin miras paylarına sərəncam vermək hüquqları var. Həmin şəxslər vərəsəlik şəhadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə bilərlər. Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılır və vərəsəlik şəhadətnaməsində yekun payı göstərilir.

Notarius qaib vərəsələrin axtarılması üçün mediada, habelə Palatanın rəsmi internet saytında elan yerləşdirir.

Miras əmlakın mühafizə edilməsi vərəsəlik şəhadətnaməsi verilənədək davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31