Ərdoğan PKK-nın tərksilah edilməsini müzakirə edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DEM Partiya heyətini qəbul edib.

Olaylar.az xəbər verir ki, görüşün gündəmində əsas məsələ "Terrorsuz Türkiyə" prosesinin ən mühüm mərhələsi olan PKK-nın tərksilah edilməsidir.

Görüşdə DEM Partiyasının Van millət vəkili Pervin Buldan, DEM Partiyasının Şanlıurfa millət vəkili Mithat Sancar, MİT rəhbəri İbrahim Kalın və AK Partiyanın sədri müavini Əfqan Ala iştirak edir.

Qeyd edək ki, bu, Türkiyə dövlət başçısının DEM Partiya rəhbərləri ilə ikinci görüşüdür.

DEM Partiyasının rəhbərliyi İmralı adasında PKK lideri Abdullah Öcalanla danışıqlar aparıb.

Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə "Silahı yerə qoyun!" çağırışı yer alıb.

PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31