Şimal-Cənub nəqliyyat dəhlizinin gələcəyi: Regional gərginliklər və strateji seçimlər qarşısında Azərbaycan- ÖZƏL

Rusiya, Azərbaycan, İran və Hindistanı birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi regiondakı hərbi əməliyyatlar fonunda təhlükə altına düşüb. 

Maraqlıdır , hansı güclər Şimal-Cənub layihəsinin sıradan çıxmasında maraqlıdır? Azərbaycana dəyəcək zərər konkret nədən ibarət ola bilər və seçim qarşısında qala bilərikmi? 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az- açıqlama verib:

"Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycan iqtisadiyyatında önəmli rol oynasa da, bu, Azərbaycan iqtisadiyyatı üçün həlledici məsələlərdən biri deyil. Çünki Azərbaycan, yeni-yeni formalaşmasına baxmayaraq, artıq bütün dünya miqyasında ən çox danışılan və ən perspektivli layihələrdən biri kimi dəyərləndirilir - ən uğurlu tranzit layihələrdən biri kimi görünür. "Bir kəmər, bir yol" təşəbbüsü və xüsusilə də Orta Dəhlizin əsas iştirakçı ölkəsi kimi tanınır. Əgər planlamalar məntiqli və plana uyğun davam edərsə, bu Orta Dəhliz və ümumiyyətlə "Bir kəmər, bir yol" layihəsi Azərbaycan iqtisadiyyatı üçün digər bütün tranzit layihələrindən daha önəmli məsələ kimi ortaya çıxacaq.
Amma bu, o demək deyil ki, biz digər tranzit layihələrdən - elə Cənub-Şimal tranzit layihəsindən də imtina etməliyik və ya onun potensialını görməzdən gəlməliyik. Elə bir reallıq formalaşır ki, dünya elə bir nöqtəyə doğru gedir ki, istər xırda, istər böyük, istər yaxşı, istər pis - strateji məsələlər nə varsa, onların hər biri önəmlidir. Burada "yaxşılıq", "pislik" dedikdə mən mahiyyət anlamını yox, onların yaratdığı çətinliklər və risklər mənasında deyirəm.
Bütün tərəflərlə, bütün layihələrlə yaxından maraqlanmaq lazımdır, onlarda əməkdaşlıq artırılmalıdır, inkişaf etdirilməlidir. Nə qədər çox layihə, nə qədər çox tərəfdaş olarsa, o qədər çox dividend əldə etmək mümkün olacaq. Gələcəyin dünyasında daha yaxşı təmsil olunmaq üçün bu üç mühüm faktor önəmli rol oynayacaq.
Ona görə də Şimal-Cənub nəqliyyat layihəsində yaranan çətinlikləri biz sadəcə müvəqqəti və aşılması mümkün olan problemlər kimi qiymətləndirməliyik və bu problemləri aradan qaldırmaq istiqamətində əməli addımlar atılmalıdır.
Hindistan, İran və Rusiya tərəfləri, eyni zamanda Azərbaycan da bu layihənin davamlı işlək vəziyyətdə qalması üçün əlindən gələni etməlidir. Çünki bu layihə əlavə qazanc, yeni iş yerləri, sosial rifaha təsir və beynəlxalq iqtisadi krizlərin artdığı bir dönəmdə iqtisadi çətinliklərin qarşısının alınması baxımından vacibdir. Amma Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycandan daha çox Rusiyaya, İrana, eyni zamanda Hindistana lazımdır. Çünki Hindistan Çinə rəqib bir dövlət kimi ön plana çıxmağa çalışır. Belə olan halda, onun Rusiya və İran kimi böyük bazarlara, həmçinin bu ölkələr üzərindən daha geniş coğrafiyalara çıxışa ehtiyacı var. Buna görə də Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan üçün çox önəmlidir. Üstəlik, Hindistan bu dəhlizi Çinin "Bir kəmər, bir yol" layihəsinə alternativ bir xətt kimi düşünür və öz maraqlarını bu layihə vasitəsilə qorumağa çalışır.
Bu layihə Rusiya üçün də vacibdir. Qərbin tətbiq etdiyi kollektiv sanksiyalar və nəticədə dünyanın ən böyük bazarlarına çıxış imkanının məhdudlaşması fonunda Rusiya Hindistan bazarına daha rahat çıxış əldə etmək istəyir və İran bazarını da öz xarici ticarətində əsas prioritetlərdən biri kimi görür.
İran da Rusiya ilə demək olar ki, eyni problemləri yaşayır. Uzun illərdir ki, Avropa və ABŞ bazarları ilə əlaqələri kəsilib. Belə olan halda, Şimal-Cənub dəhlizi İran, Rusiya və Hindistan üçün həm məhsullarını ixrac etmək, həm də tranzit rüsumlarından qazanc əldə etmək baxımından böyük imkanlar yaradır.
Hazırda isə ixrac olunan məhsulların həm növləri, həm də kəmiyyəti azalıb. Şimal-Cənub dəhlizinin tranzit əhəmiyyəti də zəiflədiyi üçün digər ölkələr qədər Azərbaycana qazanc gətirmir və bu səbəbdən də bizə vurulan zərər nisbətən az olacaq. Amma nə qədər az da olsa, zərər - zərərdir.
Düşünürəm ki, dəhlizin tamamilə sıradan çıxması baş verməsin deyə İran, Hindistan və Rusiya tərəfləri alternativ yollar fikirləşəcəklər. Bu alternativ yollar isə Azərbaycanın özü üçün də yeni iqtisadi dividendlər doğura bilər.
"Dəhlizin sıradan çıxmasında hansı qüvvələr maraqlıdır?" sualına gəldikdə isə, biz burada kimlərin qazandığına baxsaq kifayət edər. Hindistanın əsas potensial rəqibi olan Çin burada məmnun tərəflərdən biri ola bilər. Yaxud da Orta Dəhliz və "Bir kəmər, bir yol" layihəsindən milyardlar qazanmağa çalışan Böyük Britaniya az da olsa ,Şimal-Cənub dəhlizinin zədələnməsindən və ya risk altına düşməsindən məmnundur.
ABŞ özü də Hindistan vasitəsilə Yaxın Şərqdən Avropaya - Balkanlar və Qərbi Avropa üzərindən keçən dəhlizdən məmnundur. Amma, Şimal-Cənub dəhlizindən o qədər də razı qaldığını demək çətindir. Çünki onun əsas rəqibləri olan Rusiya və İran bu dəhlizdən xeyli fayda götürürlər.
Buna görə də Şimal-Cənub dəhlizinin gələcək fəaliyyəti və ya bu perspektivin tamamilə yox olmaması üçün Hindistan, İran və Rusiya tərəfləri yeni ideyalar irəli sürməli və ən azından yaxın dövrdə maksimum sabitlik təmin edilməlidir. Onlar çalışmalıdırlar ki, siyasi məqsədlər fonunda iqtisadi potensial layihələr sıradan çıxmasın və xüsusilə də Cənub-Şimal dəhlizi fəaliyyətinə davam edə bilsin". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31