Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir-Günay Ağamalı- ÖZƏL
14:21 Siyasət"Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri regionda sülh, əməkdaşlıq və normallaşma istiqamətində atılan addımlar kontekstində mühüm diplomatik hadisə kimi qiymətləndirilə bilər. Bu səfər, əgər konkret nəticələrə yönəlmiş real siyasi iradə ilə müşayiət olunarsa, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişafına müsbət təsir göstərə bilər". Bunu "Olaylar"a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib: "Azərbaycan sülh gündəliyinə sadiqdir və qarşılıqlı etimad mühitinin formalaşması üçün bütün zəruri addımları atmağa hazırdır. Bu kontekstdə Ermənistan tərəfinin də səmimi və ardıcıl mövqe ortaya qoyması vacibdir. İlk növbədə Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir və Konstitusiya dəyişikliyi fonunda ərazi iddialarından əl çəkməlidir. Bununla yanaşı mütəmadi olaraq davam edən revanşist meyllərə son qoymalıdır. Çünki, sözlər və niyyətlər əməli addımlarla müşahidə olunarsa, bölgədə sabitlik və tərəqqi reallığa çevrilə bilər. Türkiyə və Azərbaycanın bu prosesə yanaşması regional sabitliyin təmininə əsaslanır. Ona görə də rəsmi İrəvanın reallıqları qəbul etməsi, həm öz xalqı, həm də bütövlükdə region üçün faydalı olacaqdır".