Təl-Əvivə dəstək, Tehrana mesaj: Ağ Evdən Yaxın Şərq oyunu – ÖZƏL
20 İyun 12:33 Siyasətİran və İsrail arasında gərginliyin getdikcə artdığı hazırkı mərhələdə, ABŞ çətin və ziddiyyətli bir mövqedə dayanır. Bir tərəfdən, Vaşinqtonun İsraillə illərdir davam edən strateji ittifaqı onu açıq şəkildə Təl-Əvivin yanında yer almağa sövq edir. Digər tərəfdən isə bölgədə genişmiqyaslı müharibənin başlaması ABŞ-nin Yaxın Şərqdəki maraqlarına - o cümlədən enerji təhlükəsizliyi, hərbi mövcudluğu və diplomatik nüfuzu baxımından ciddi təhdid yarada bilər. Hazırda ABŞ həm güc nümayiş etdirməyə, həm də diplomatik yolları açıq saxlamağa çalışır.
Bu kontekstdə əsas sual yaranır: ABŞ İran-İsrail qarşıdurmasında balanslı siyasət yürüdə bilərmi? Əgər münaqişə daha da alovlanarsa, bu, Vaşinqtonun regiondakı maraqlarına necə təsir edəcək?
"ABŞ İsrail-İran qarşıdurmasında siyasi manevr imkanlarından istifadə etməyə çalışır. Diqqət ediriksə, rəsmi Vaşinqton həm İsraili dəstəkləyir, həm də münaqişənin genişlənməsinin qarşısını almağa çalışır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib. O qeyd edib ki, ABŞ hazırda İsraili dəstəkləməklə yanaşı, regionda münaqişənin genişlənməsinə yol verməməyə çalışır:
"ABŞ üçün bu balansı qorumaq indiki məqamda bir qədər çətin ola bilər. Təbii ki, İsrail ilə strateji ittifaq ABŞ-nin mövqeyini əvvəlcədən müəyyənləşdirir. Eyni zamanda, İranla açıq müharibə onun regiondakı maraqlarına, xüsusilə də enerji təhlükəsizliyinə, hərbi bazalarına və diplomatik nüfuzuna ciddi zərbə vura bilər. Digər təfdən isə münaqişənin genişlənməsi ABŞ-nin Orta Şərq siyasətinin uğursuzluğuna gətirib çıxarmaqla yanaşı, digər regional və qlobal aktorların təsirini artıra bilər. Nəticə etibarilə, Trampın hazırki strateji hədəfi güc nümayişi ilə paralel olaraq diplomatik kanalları açıq saxlamağa nail olmaqdır".
Səidə Ramazanova