Laçına diplomatik səfər: Azərbaycan sülh mesajı və quruculuq niyyətini göstərir – ÖZƏL
16:58 Siyasətİyunun 20-də təxminən 100 xarici diplomatdan ibarət nümayəndə heyəti Laçın rayonuna səfər edib. Qonaqları Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov qarşılayıb. Səfər zamanı diplomatlara Laçın Beynəlxalq Hava Limanında aparılan işlər və yaradılmış şərait barədə ətraflı məlumat verilib.
"Xarici diplomatların Laçına səfəri, bölgədə aparılan abadlıq və quruculuq işlərinə onların diqqətini cəlb etmək məqsədi daşıyır. Eyni zamanda bu həm də o deməkdir ki, vaxtilə bu yerləri ermənilər dağıdıb, biz isə indi buranı yenidən qurur və abadlaşdırırıq. Bununla yanaşı, Azərbaycanın bu addımı həm də Ermənistanla müharibə istəmədiyinin, sülhə meyilli siyasət yürütdüyünün bir mesajı kimi qiymətləndirilə bilər".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. O qeyd edib ki, bu səfər, Azərbaycanın regionda quruculuqla məşğul olduğunu, suverenliyini möhkəmləndirdiyini və sülhə sadiq olduğunu beynəlxalq ictimaiyyətə göstərmək məqsədi daşıyır:
"Bölgədə hazırda gərginlik hökm sürür - İran-İsrail qarşıdurması davam edir. Belə bir fonda bu səfər region dövlətlərinə də ünvanlanmış mesaj ola bilər ki, Azərbaycan quruculuqla, inkişafla məşğuldur və diplomatik münasibətlərin genişlənməsində maraqlıdır. Hökumət bu səfər vasitəsilə bu məqamların da xarici qonaqlar tərəfindən nəzərə alınmasını istəyir.
Bununla yanaşı, bu səfər Azərbaycanın suverenliyinin bütün ölkə ərazisinə yayıldığını göstərmək məqsədi daşıyır. Yəni xarici tərəfdaşlara və dövlətlərə ölkənin ərazi bütövlüyü və bu ərazilərdəki real vəziyyət təqdim olunur.
Ümumiyyətlə, nəzərə alsaq ki, geosiyasi baxımdan bu bölgə müəyyən qədər həssas ərazi sayılır - bəzən Rusiya və digər dövlətlər tərəfindən mübahisələndirilir - bu səfər həmin iddialara bir cavab kimi də dəyərləndirilə bilər. Burada həm də mesaj verilir ki, Qarabağ Azərbaycana məxsusdur və bu bölgədə görülən işlərlə Azərbaycan öz suverenliyini möhkəmləndirir".
Siyasi şərhçi sonda əlavə edib ki, bu səfərin məqsədlərindən biri də bölgənin sərmayə üçün əlverişli olduğunu nümayiş etdirməkdir. Belə ki, səfirliklər öz ölkələrindən bu istiqamətə sərmayə cəlb edə bilərlər. Bölgənin turizm potensialı da kifayət qədər yüksəkdir. Bu baxımdan da səfər həm təqdimat, həm də tanışlıq xarakteri daşıyır və ümumilikdə əhəmiyyətlidir.
Səidə Ramazanova