Zelenski NATO sammitinə səfərlə bağlı qərarını son ana saxlayıb- ÖZƏL
16:45 DünyaUkrayna Prezidenti Volodimir Zelenski 24-25 iyun tarixlərində Haaqada keçiriləcək NATO sammitinə səfər edib-etməyəcəyinə hələ qərar verməyib. Olaylar.az xəbər verir ki, bu barədə o, jurnalistlərlə görüşü zamanı açıqlama verib.
"Sammitə səfərim Trampla görüş olub-olmamasından asılı deyil. Əslində hələ qərar verməmişəm, amma ehtimal yüksəkdir. Yəqin ki, son anda qərar verəcəyəm," - deyə Zelenskinin sözlərini "Obşestvennoye" nəşri sitat gətirib.
Bundan əvvəl Britaniyanın "The Guardian" qəzeti adı açıqlanmayan ukraynalı rəsmilərə istinadən yazmışdı ki, Zelenski sammitə qatılmaya bilər. Buna səbəb isə Trampın tədbirdə iştirakına dair zəmanətin olmamasıdır. Nəşrin məlumatına görə, Kiyev G7 sammiti çərçivəsində Kanadada keçirilən görüşdə Trampın Zelenski ilə görüşməməsindən narazı qalıb və Ukrayna hakimiyyəti Trampın diqqətindən kənarda qalmaqdan narahatdır. Məqalə müəlliflərinin fikrincə, Zelenski ABŞ lideri sammiti tərk etdikdən sonra məyus görünürdü.
Digər tərəfdən, "The Times" yazır ki, Zelenski NATO sammitinə yalnız dəvət alıb, lakin o, rəsmi proqramda və işçi görüşlərdə iştirak etməyəcək. Bu isə onun Trampla təsadüfi qarşılaşma ehtimalını minimuma endirmək məqsədi daşıyır.