Azərbaycan hər zaman Türkiyənin yanında olub- ÖZƏL
21 İyun 2025 11:56 Siyasət"19 iyun 2025-ci il tarixində Türkiyənin Kahramanmaraş şəhərində iki dost və qardaş ölkə arasında sarsılmaz birliyin, qarşılıqlı dəstək və həmrəyliyin bariz nümunəsi olan əlamətdar hadisə baş verdi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirildi. Bu, Azərbaycan ilə Türkiyə arasında əsrlərlə möhkəmlənmiş dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü, ortaq dəyərlər üzərində qurulan əməkdaşlığın mühüm mərhələsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Heydər Əsədov deyib: "Tədbirdə çıxış edən Prezident İlham Əliyev Kahramanmaraş və digər zəlzələ bölgələrində həyatını itirənlərin xatirəsini ehtiramla anaraq, Azərbaycan xalqının bu faciəni öz şəxsi kədəri kimi yaşadığını diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, ilk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır: "Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir".
Azərbaycan tərəfindən zəlzələ bölgələrinə göndərilən min nəfərdən çox heyət tərəfindən 53 nəfər dağıntılar altından sağ çıxarılıb, səhra hospitallarında isə 3 200 insana tibbi xidmət göstərilib. Bu, sadəcə humanitar yardım deyil, qardaşlığın konkret əməli nümunəsi idi. Prezident İlham Əliyev çıxışında, həmçinin humanitar dəstək və strateji müttəfiqlik kontekstində Türkiyə-Azərbaycan münasibətlərinin əhəmiyyətini vurğulayıb. Ölkəmiz hər zaman Türkiyənin yanında olub, qardaş dövlət də ağır və taleyüklü günlərində Azərbaycana öz dəstəyini əsirgəməyib. Bu qarşılıqlı etimad və həmrəylik münasibətləri iki ölkə arasında möhkəm - sarsılmaz dostluğun təməlini təşkil edir".