Paşinyan: Ermənistan-Türkiyə münasibətlərinə yeni impuls verilir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə səfəri çərçivəsində ölkədəki erməni icması ilə görüşündə bildirib ki, Ermənistan və Türkiyə münasibətləri demək olar ki, sıfır nöqtəsindən başlayıb və bu, iki ölkənin maraqlarına uyğun olaraq yeni əlaqələrin qurulması üçün fürsətdir.

Paşinyan qeyd edib ki, 2021-2022-ci illərdə aparılan müzakirələr nəticəsində belə qənaətə gəlinib: bu prosesi davam etdirmək üçün onun mümkünlüyünə inanmaq vacibdir, əks halda bu, həm ictimaiyyətə, həm beynəlxalq tərəfdaşlara, həm də Türkiyəyə yanlış siqnal olar.

O bildirib ki, indiki mərhələ 2022-ci ildə Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən ilk görüşdən sonra başlayıb. Ardınca xüsusi nümayəndələr arasında dialoq və xarici işlər nazirləri səviyyəsində fəal təmaslar qurulub.

"Bundan öncə iki ölkə bir-birinin mövqeyini anlamaq üçün üçüncü ölkələrdən istifadə edirdi. İndi isə Türkiyə ilə birbaşa və intensiv təmaslarımız var və bu, ikitərəfli münasibətlərin formalaşması üçün vacibdir," - deyə Paşinyan bildirib.

O əlavə edib ki, bu müzakirələr gələcək proseslərə təsir göstərə və Ermənistan-Türkiyə münasibətlərinə yeni dinamika qazandıra bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31