İran parçalanarsa nə baş verər? Regionun taleyini dəyişəcək ssenari- ÖZƏL
15:28 Siyasət"İran və İsrail arasında artan qarşıdurmalar təkcə iki dövlətin siyasi-hərbi balansına deyil, bütövlükdə Yaxın Şərqin sabitliyinə birbaşa təsir göstərir. Hər iki tərəfin ritorikasında sərtlik artsa da, genişmiqyaslı müharibə ehtimalı hələlik məhdud toqquşmalar səviyyəsində qalır. Regional və qlobal güclər - xüsusilə ABŞ, Rusiya və Çin - bu qarşıdurmanın nəzarətdən çıxmaması üçün dolayısı mexanizmlər qurmağa çalışır. İranın daxili sabitliyi isə uzun illərdir çoxvektorlu təzyiqlərlə üz-üzədir: iqtisadi çöküş, sosial narazılıqlar və etnik ziddiyyətlər".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, zəifləyən İran həm təhdid, həm də fürsət mənbəyinə çevrilə bilər: "Azərbaycan türkləri, kürdlər, bəluclar və ərəblər kimi azsaylı xalqların mərkəzi hökumətdən narazılığı bəzi dairələr tərəfindən İranın zəif nöqtəsi kimi dəyərləndirilir. Lakin bu parçalanma ehtimalı siyasi manipulyasiyalardan daha çox, real proseslərin dərinliyindən asılıdır. İran daxilindəki millətçilik dalğalarının silsilə ayrılmalara səbəb olması üçün daxili və xarici şərtlərin tam üst-üstə düşməsi lazımdır. Hazırda bu şərait tam formalaşmasa da potensial risk amili olaraq qalır.
Belə bir ssenarinin gerçəkləşməsi region dövlətləri üçün həm təhdid, həm də fürsət yarada bilər. Təhlükə ondan ibarətdir ki, geosiyasi boşluq və idarəolunmaz proseslər Suriyadakı kimi xaotik situasiyaya səbəb ola bilər. Mühacir axını, sərhəd qarşıdurmaları və qeyri-dövlət silahlı qrupların aktivləşməsi ehtimalı ciddi nəticələr doğura bilər. Digər tərəfdən, zəifləyən İran bəzi qonşu dövlətlərin mövqelərini gücləndirə və yeni əməkdaşlıq imkanları aça bilər. Enerji bazarları da bu ssenaridən təsirlənə bilər - xüsusilə neftin qiymətində dalğalanmalar gözləniləndir.
Bütün hallarda, bu tip geosiyasi dəyişikliklər yalnız praqmatik və balanslı diplomatiya ilə idarə oluna bilər. İranın dağılması ssenarisi yalnız ehtimal səviyyəsindədir və bunun reallaşması halında Yaxın Şərqdə tamamilə yeni siyasi xəritə meydana çıxa bilər. Bu isə artıq təkcə regional deyil, qlobal aktorların da oyun planını dəyişəcək bir hadisə olar".
Zeynəb Mustafazadə