Sahibə Qafarova Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşüb
14:58 SiyasətMilli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin Sektoral iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "Olaylar"ın məlumatına görə, görüşdə spiker bildirib ki, dostluq və qardaşlıq ənənələrinə söykənən əlaqələr bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, münasibətlərin inkişafında ali və yüksək səviyyəli səfərlər mühüm rol oynayır.
Söhbət zamanı Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti, o cümlədən ərazi bütövlüyü və suverenlik məsələlərində daim bir-birini dəstəkləməsi, həmrəylik nümayiş etdirməsi məmnunluqla vurğulanıb. Qeyd edilib ki, hər iki ölkə regionda həyata keçirilən nəhəng enerji və nəqliyyat layihələrində uğurla əməkdaşlıq edirlər.
Azərbaycan və Gürcüstan parlamentlərarası münasibətlərindən danışan spiker Sahibə Qafarova deyib ki, qanunvericilik orqanları arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Hər iki ölkənin parlamentində dostluq qrupları uğurla fəaliyyət göstərir və nümayəndə heyətləri beynəlxalq parlament təşkilatlarında bir-birinə dəstək verirlər.
Görüşdə ali qanunvericilik orqanlarının komitələri arasında münasibətlərin inkişafının əhəmiyyəti qeyd olunub. İkitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin uğurlu üçtərəfli əməkdaşlıq formatının önəmindən danışılıb.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaranmış vəziyyət barədə danışan spiker Sahibə Qafarova Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişi barədə məlumat verib.
Səmimi görüş üçün təşəkkürünü bildirən Gürcüstan parlamentinin Sektoral iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili Azərbaycana səfəri barədə təəssüratlarını bölüşüb, ölkələr arasında tarixi köklərə əsaslanan və bu gün strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin əhəmiyyətindən danışıb.
Qonaq bildirib ki, ölkələrimiz arasında münasibətlərin inkişafı regionda təhlükəsizliyi, sabitliyi təmin etməklə yanaşı, həm də xalqlarımızın rifahına xidmət edir.
Şota Berekaşvili parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin, komitələr arasındakı işbirliyinin daha da artırılmasının, dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin zəruriliyini qeyd edib, parlamentlərin arasında əməkdaşlığın perspektivləri haqqında fikirlərini bölüşüb. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir-Günay Ağamalı-Özəl
"Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri regionda sülh, əməkdaşlıq və normallaşma istiqamətində atılan addımlar kontekstində mühüm diplomatik hadisə kimi qiymətləndirilə bilər. Bu səfər, əgər konkret nəticələrə yönəlmiş real siyasi iradə ilə müşayiət olunarsa, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişafına müsbət təsir göstərə bilər". Bunu "Olaylar"a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib: "Azərbaycan sülh gündəliyinə sadiqdir və qarşılıqlı etimad mühitinin formalaşması üçün bütün zəruri addımları atmağa hazırdır. Bu kontekstdə Ermənistan tərəfinin də səmimi və ardıcıl mövqe ortaya qoyması vacibdir. İlk növbədə Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir və Konstitusiya dəyişikliyi fonunda ərazi iddialarından əl çəkməlidir. Bununla yanaşı mütəmadi olaraq davam edən revanşist meyllərə son qoymalıdır. Çünki, sözlər və niyyətlər əməli addımlarla müşahidə olunarsa, bölgədə sabitlik və tərəqqi reallığa çevrilə bilər. Türkiyə və Azərbaycanın bu prosesə yanaşması regional sabitliyin təmininə əsaslanır. Ona görə də rəsmi İrəvanın reallıqları qəbul etməsi, həm öz xalqı, həm də bütövlükdə region üçün faydalı olacaqdır".