Azərbaycanı sarsıtmaq mümkün deyil: Hibrid müharibəyə siyasi cavab- ÖZƏL
20 İyun 14:48 SiyasətMilli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası bəyan edib ki, son günlər Azərbaycana qarşı sosial şəbəkələrdə dezinformasiya kampaniyası güclənib. Qonşu ölkələrdə yerləşən, müxtəlif maraqlara xidmət edən qruplar saxta və təhrif olunmuş məlumatlar yayaraq Azərbaycanın nüfuzuna zərbə vurmaq, beynəlxalq münasibətlərini pozmaq məqsədi güdür.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib. Politoloqun fikrincə, dezinformasiya Azərbaycanın sabitliyini poza bilməz:
"Son dövrlərdə elm və texnikanın inkişafı nəticəsində sosial şəbəkələr çox geniş vüsət alıb və bu platformalardan istifadə etməklə bəzi ölkələr tərəfindən istifadəçilərə qarşı müəyyən təhdidlər və kibermüharibə aparılır. İndi isə Azərbaycanın bir tərəfində Rusiya-Ukrayna müharibəsi, digər tərəfində İsrail-İran münaqişəsi gedir. Yəni, hər tərəfdə müharibələr baş verir.
Belə bir vəziyyətdə Azərbaycanın da müharibəyə sürüklənməsini istəyən, ölkəmizin sabitliyini pozmaq istəyən qüvvələr var. Təbii ki, bu qüvvələr sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı hibrid müharibə aparırlar. Belə qüvvələr həm qonşu Rusiyada, həm də qonşu İranda mövcuddur. Açıq demək lazımdır ki, Azərbaycan hakimiyyətinin apardığı siyasət bu gün dövlətin və xalqın maraqlarına xidmət edən bir siyasətdir və bu da bir çox dairələri narahat edir.
Keçən ilin sonunda- dekabrın 25-də Azərbaycan sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Rusiya ilə münasibətlərimizdə müəyyən soyuqluq yarandı. Buna səbəb, təbii ki, Azərbaycanın təyyarəsinin vurulmasında məsuliyyət daşıyan cinayətkarların məsuliyyətə cəlb olunması, kompensasiya ödənilməsi və yüksək səviyyədə üzr istənilməsi məsələsinin qaldırılması oldu. Təəssüf ki, Rusiya tərəfi bu məsələləri tam yerinə yetirməyib və bəhanə gətirir ki, istintaq hələ davam edir.
İstintaq davam etsə də, hadisəni törədən cinayətkarlar məlumdur və onların heç biri hələ də həbs olunmayıb. Məhz bu səbəbdən də Azərbaycan Prezidenti 9 May - İkinci Dünya Müharibəsində Qələbə Günü ilə bağlı keçirilən paradda iştirak dəvəti alsa da, bu tədbirə qatılmadı. Bununla yanaşı, biz Rusiya ilə düşmənçilik etmirik. Əksinə, münasibətləri normal saxlamaq istəyirik, haqlı tələblərimizi irəli sürürük və onların arxasında dayanırıq.
Ancaq bu fürsətdən istifadə edən müəyyən qüvvələr Azərbaycana qarşı dezinformasiyalar, yalan xəbərlər yaymağa başlayıblar. Təəssüf ki, bu, Rusiya televiziyalarında, xüsusilə də RTL kanalında Salavyovun çıxışında da özünü göstərdi. Zatulin də Azərbaycana qarşı təxribat yönümlü fikirlər səsləndirir.
Bütün bunlar Rusiyanın müəyyən dairələrinin, Azərbaycanla Rusiya arasında nifaq salmaq istəyən qüvvələrin işidir. Eyni zamanda İranda da Azərbaycanın inkişafını həzm edə bilməyən dairələr var. Onlar da Azərbaycanın siyasətinin düzgün olmadığı barədə saxta xəbərlər yayırlar. Məsələn, deyirlər ki, Azərbaycan İsrailə deməlidir: "dayan, müharibə etmə."
Bu çağırışlar çox gülüncdür və Azərbaycanın ünvanına yönəlmiş əsassız iddialardır. Azərbaycan rəhbərlərinin adlarını hallandıraraq belə yalanlar yayırlar. Bu cür "fake" xəbərlərin və dezinformasiyanın məqsədi ölkələr arasında qarşıdurma yaratmaq, gərginlik formalaşdırmaqdır. Hesab edirəm ki, bu dairələr heç bir nəticə əldə edə bilməyəcəklər. Çünki Azərbaycanın ortaya qoyduğu siyasət göz qabağındadır. Biz bütün qonşularımızla normal münasibətlər saxlamağa çalışırıq, yaxşı qonşuluq prinsiplərinə əməl edirik.
Təsəvvür edin ki, bu gün İranla İsrail arasında baş verən toqquşmalar fonunda Azərbaycan açıq şəkildə bildirib ki, müharibəni dayandırmaq, məsələləri diplomatik və danışıqlar yolu ilə həll etmək lazımdır. Biz öz fikrimizi açıq şəkildə ifadə etmişik. Eyni zamanda onu da bildiririk ki, Azərbaycan ərazisində İrana qarşı hər hansı bir təxribatın törədilməsinə heç vaxt yol verilməyib və bundan sonra da verilməyəcək. Çünki bu, bizim dövlət siyasətimizdir.
Rusiya ilə bağlı da hər zaman normal münasibətlərin tərəfdarı olmuşuq. Ona görə də sosial şəbəkələrdə aparılan dezinformasiyalar regionda müəyyən narahatlıqlar yaratsa da, hesab edirəm ki, dövlətimizin müvafiq qurumları bu məsələlərin qarşısını vaxtında alır, ictimaiyyətə düzgün məlumatlar verir.
Bütün bunlara baxmayaraq, bu hallar ürək bulandıran, xoşagəlməz məsələlərdir. Bu baxımdan da düşünürəm ki, Azərbaycanın siyasətinə müdaxilə etmək heç bir qüvvənin nə dünən, nə də bugün gücü çatmır və bundan sonra da çatmayacaq".
Zeynəb Mustafazadə