Cenevrə dialoqu: İran Qərblə yeni format axtarışında – ÖZƏL

Bu gün - iyunun 20-də İsveçrənin Cenevrə şəhərində İran, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri arasında mühüm diplomatik görüş keçiriləcək. Bu görüş İran ilə Qərb ölkələri arasında münasibətlərin həssas bir mərhələyə qədəm qoyduğu, eyni zamanda İran-İsrail gərginliyinin artdığı bir dövrdə baş tutur. Tərəflər arasında aparılacaq müzakirələrin əsas diqqət mərkəzində İranın nüvə proqramı, regional təhlükəsizlik məsələləri və mövcud siyasi-iqtisadi sanksiyalar fonunda qarşılıqlı etimadın bərpası dayanır.

Maraqlıdır, İran, Fransa, Almaniya və Böyük Britaniyanın bu günkü görüşü regionda və xüsusilə İran-İsrail gərginliyi fonunda hansı strateji məqsədlərə xidmət edə bilər?

"Fransa, İranın İsrail tərəfindən tam şəkildə vurulmasının əleyhinə çıxış edir. Bu, ABŞ və İsrailin mövqeyinə zidd yanaşma kimi qiymətləndirilə bilər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçinin sözlərinə görə, İran ABŞ və İsraildən kənar formatda, xüsusən Avropa ölkələri ilə danışıqlara üstünlük verir:

"Prezident Emmanuel Makronun son bəyanatında da açıq şəkildə vurğulanır ki, İranın nüvə və raket texnologiyalarına aid obyektlər istisna olmaqla, heç bir hərbi və ya mülki obyekt hədəf alınmamalıdır. Yəni, hazırkı vəziyyətdə Fransa, İranın tamamilə çökdürülməsinə qarşı çıxır. Bunun əsas səbəbi isə ondan ibarətdir ki, Fransa Qərb ölkələri içərisində İranla ən yaxın münasibətləri olan dövlətdir. Fransa eyni zamanda, İranda siyasi sistemin və rejimin dəyişdirilməsinə də qarşıdır.
Böyük Britaniya da İranla bağlı problemlərin danışıqlar masası ətrafında həllini tərəfdar tutur. Almaniyaya gəldikdə isə, bu ölkə ABŞ və İsrailin mövqeyini dəstəkləsə də, münaqişənin nəzarətdən çıxmasından ciddi şəkildə narahatdır. Ona görə də, bu üç ölkənin - Fransa, Böyük Britaniya və Almaniyanın - İranın xarici işlər naziri ilə danışıqlar aparmaq istəyi tamamilə anlaşılandır.
Rəsmi Tehran isə hazırda İsrail və ABŞ ilə birbaşa danışıqlara maraq göstərmir. İran daha çox bu müzakirələrin ABŞ və İsrailin təsirindən kənar bir formatda aparılmasını istəyir. Bu baxımdan, rəsmi Tehranın Fransa, Böyük Britaniya və Almaniya ilə təmaslara üstünlük verməsi gözlənilən və məntiqli bir addım kimi qiymətləndirilə bilər".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31