Türkiyə-Azərbaycan ikitərəfli gündəmindəki vacib məsələlərin müzakirəsi son dərəcə əhəmiyyətlidir- ÖZƏL

"Qonşuluğumuzda yaranmış dövlətlərarası münasibətlərlə bağlı, eləcə də Türkiyə-Azərbaycan ikitərəfli gündəmindəki vacib məsələlərin müzakirəsi son dərəcə əhəmiyyətlidir. Bu əhəmiyyətli məsələlərin müzakirəsi kontekstində  Azərbaycan Prezidentinin Türkiyəyə səfəri olduqca vacib bir hadisədir."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Bu səfər əvvəlki səfərlərdən həm zaman, həm də bölgədək ivəziyyətin mürəkkəbliyi baxımından fərqlənir. Bölgəmizdə, Yaxın və Orta Şərqdə hansı proseslərin getdiyi hamımıza məlumdur. Bu proseslərin böyük sürətlə gərginləşdiyi artıq açıq-aşkardır. Sülhün perspektivinin görünmədiyi bir zamanda, ciddi eskalasiya baş verir. Xüsusilə İsrail-İran müharibəsi və Fələstin-İsrail münasibətlərində baş verən hadisələr bütün regionun taleyi üçün ciddi narahatlıqlar doğurur.

Türkiyənin  Azərbaycanla bu bölgədə demək olar ki, bütün məsələlərdə eyni siyasəti həyata keçirdiyi bəllidir. Belə bir şəraitdə əlbir siyasətin konkret və müsbət nəticələr verməsi olduqca təbiidir. Lakin eyni zamanda,  Azərbaycan-Türkiyə münasibətlərinə müəyyən dərəcədə xələl gətirmək və onları soyutmaq istəyən qüvvələr də mövcuddur. Xüsusilə də Azərbaycan-İsrail münasibətlərini Türkiyə-Azərbaycan münasibətləri kontekstində həssas bir mövzuya çevirməyə çalışanlar var. Halbuki bu məsələdə mürəkkəblik yoxdur. Azərbaycanın İsraillə münasibətləri  Türkiyə tərəfindən dövlət səviyyəsində kifayət qədər anlayışla qarşılanır və qəbul edilir.

Bu da təbiidir, çünki Yaxın və Orta Şərqdə sülh məsələsinə gəldikdə,  Azərbaycanla Türkiyənin mövqeləri arasında hər hansı ciddi fərq yoxdur. Hər iki ölkə Yaxın Şərqdə sülhün bərqərar olmasını, günahsız insanların - mülki əhalinin qırğınlarının dərhal dayandırılmasını istəyir.Hər iki ölkə Fələstin probleminin iki dövlət prinsipi çərçivəsində həllini müdafiə edir, hər iki ölkə atəşkəs çağırışını dəstəkləyir, hər iki ölkə İranın nüvə enerjisinə sahib olmaq hüququnun tanınmasının tərəfdarıdır. Eyni zamanda, hər iki ölkə İran məsələsinin diplomatik və siyasi yollarla həllinə qətiyyətlə üstünlük verir və hərbi eskalasiyanın bölgə üçün sonu bilinməyən dağıntı və faciələrə yol aça biləcəyindən ciddi narahatdır. Belə bir şəraitdə Azərbaycan -Türkiyə münasibətlərində İsrail məsələsi ətrafında hər hansı bir qalmaqal yaratmaq cəhdləri perspektivsizdir. Çünki  Azərbaycanın həm Türkiyə, həm də İsraillə yaxşı münasibətlərdə olması bölgədə gedən proseslərin tənzimlənməsi baxımından olduqca vacib, güclü və faydalı bir mövqedir.Hazırda Azərbaycanın bölgədə - həm İsrail, həm Türkiyə, həm də İranla münasibətlərinin sabit və qarşılıqlı anlaşmaya əsaslanması öz müsbət nəticələrini verir. Üstəlik, Azərbaycanın bu mövcud problemlərin həllində vasitəçilik potensialı və geniş diplomatik imkanları var və mən əminəm ki, yaxın gələcəkdə bu imkanlar üçün şərait də yaranacaq.Belə mürəkkəb və çətin beynəlxalq münasibətlər şəraitində  Azərbaycan  Prezidentinin Türkiyə səfəri və Prezident Ərdoğanla geniş, əhatəli müzakirələr aparması bölgədə sülh və təhlükəsizlik maraqlarına tam uyğun olan bir addımdır. İnanmaq istəyirəm və şübhə etmirəm ki, bu görüş və müzakirələr Yaxın və Orta Şərqdə, eləcə də İsrail-İran münasibətlərinin mümkün qədər az itki ilə və qısa müddətdə tənzimlənməsinə töhfə verəcək, konkret təkliflər irəli sürəcək."

 

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31