Bəhruz Quliyev: “ABŞ diqqətini Yaxın Şərqə yönəldir, Ukrayna isə arxa planda qalır” – ÖZƏL
19 İyun 2025 16:46 Siyasət"İran-İsrail gərginliyi fonunda beynəlxalq təhlükəsizlik gündəmi yenidən formalaşır. ABŞ-nin hərbi-siyasi resurslarının böyük bir hissəsinin Yaxın Şərqə səfərbər edilməsi Ukraynanın müdafiə qabiliyyətinə və Qərbdən aldığı dəstəyə birbaşa təsir göstərir. Bu, xüsusilə HIMARS və "Patriot" kimi strateji sistemlərin tükənmək üzrə olduğu bir mərhələdə Kiyev üçün təhlükəli nəticələr doğura bilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert bildirib ki, ABŞ-nin diqqətini Yaxın Şərqə yönəltməsi, Ukraynanın dəstək yükünü Avropanın üzərinə qoyur:
"ABŞ müdafiə nazirinin "Ukrayna artıq Avropanın problemidir" mesajı, əslində Vaşinqtonun mövqeyində dəyişikliklərin baş verdiyini, siyasi diqqətin və prioritetin başqa bir regiona yönəldiyini açıq şəkildə göstərir. Bu isə Kiyevin əsas müttəfiqinin arxa plana keçməsi, eyni zamanda Avropa İttifaqının üzərinə daha böyük yükün düşməsi deməkdir. Lakin bu günə qədər Avropa ölkələri vəd etdikləri dəstəyi zamanında və tam şəkildə verməkdə çətinlik çəkir".
Ekspert əlavə edib ki, bütün bu proseslər fonunda Kremlin qarşısında yeni geosiyasi fürsətlər açılır. Diqqətin Ukraynadan yayınması, Rusiyanın cəbhədə təşəbbüsü ələ almasına, həm də beynəlxalq informasiya gündəminə təsir imkanlarının genişlənməsinə şərait yaradır. Moskva bu boşluqdan istifadə edərək, həm hərbi əməliyyatlarda fəallığını artırmağa, həm də Avropa daxilində parçalanma və çaşqınlıq yaratmağa çalışır.
Hazırda yaranmış vəziyyət yalnız Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizlik arxitekturasının sınağa çəkildiyi bir mərhələdir. Əgər Qərb, xüsusilə Avropa İttifaqı və NATO ölkələri operativ şəkildə adekvat addımlar atmasa, bu, regionda güc balansının Rusiyanın xeyrinə dəyişməsinə səbəb ola bilər.
Qlobal təhlükəsizlik müstəvisində bir böhranın digərini əvəzlədiyi bu dövrdə, siyasi çeviklik, strateji ardıcıllıq və real dəstək mexanizmləri xüsusi əhəmiyyət kəsb edir. Əks halda, regional qarşıdurmaların genişlənməsi qaçılmaz olacaq.
Səidə Ramazanova