Pəhləvilərin İranda hakimiyyətə qayıtması mümkündürmü?- ÖZƏL

İrana edilən hücumlar fonunda Pəhləvi ailəsinin yenidən hakimiyyətə qayıtması məsələsi müzakirələrdə önə çıxıb. Lakin bu fikir İranda geniş dəstək tapmır və əhali arasında çoxsaylı etirazlarla qarşılanır.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar az-a açıqlama verib: "Yaxın tariximizdə monarxiyanın bərpa olunduğu bir ölkə yoxdur. 21-ci əsrdə də mövcud monarxik sistemlər daha az səlahiyyətə malikdir  və respublika quruluşunu  devirib bir monarxiya bərpası kimi hal yoxdur. Təbii ki, İranın keçmiş monarxiya ailəsi, yəni hökmdar ailəsi olan Pəhləvilərin İran-İsrail gərginliyi fonunda aktivləşməsi və xüsusilə bu prosesdə İran xalqına çağırışlar etməsi gözlənilən idi. Çünki İsrail keçmiş vaxtdan uzun illərdir ki, Pəhləvilərlə yaxından maraqlanır, onları İran əleyhinə  müxtəlif  kampaniyalara cəlb edir, onlarla danışıqlar aparır.
Pəhləvilər də əslində bu proseslərdə aktiv şəkildə çıxış edirlər. Bu yeni bir hadisə deyil. Pəhləvilər kifayət qədər vəsaitə sahibdirlər,   əllərinin altında güclü bir media şəbəkəsi fəaliyyət göstərir və qərbdə çox yaxşı münasibətləri, əlaqələri var. Belə olan təqdirdə, təbii olaraq onlar da taxtı geri almaq kimi bir düşüncəyə sahibdirlər.
İndi burada əsas məsələ  Pəhləvilərin İranda hakimiyyətə gəlməsi məsələsinin nə  qədər  real  olmasıdır.  Pəhləvilərin hakimiyyətə gəlməsini çox aşağı bir versiya olaraq qiymətləndirirəm. İstər İran daxilində, istərsə İran xaricində hələ də şah tərəfdarları var və onu lider  olaraq görürlər. Amma bu çox böyük bir kütləni əhatə etmir. Bu çox daha dar bir çərçivəni əhatə edir ki, bu da Rza Pəhləvinin də bildiyi bir həqiqətdir.
Digər tərəfdən, İranın özündə ideoloji zənginlik çoxdur. Məsələn, mövcud teokratik rejim əlində olanlar var, bunlardan paralel bir islahatçı qanad var. Başqa tərəfdən demokratiya tərəfdarı olanlar, monarxiya tərəfdarı olanlar, etnik azlıqlar arasında federasiya tərəfdarı olanlar və yaxud da müxtariyyət istəyənlər, hətta müstəqil istəyənlər də var.  Yəni, İranda bu məsələ ilə bağlı konkret bir fikir yoxdur.
70-ci illərə baxdıqda görə bilərik ki, yalnız bu zaman din ideologiyası ətrafında bütün bunları birləşdirə bilmişlər. Amma indi bu ideologiyanın özünə qarşı olan fərqli qruplar olduğu üçün, şah da yenidən bunu itirdi. Daha doğrusu, Pəhləvilər də bunu özlərinin əleyhinə istifadə etməyə çalışırlar. Amma dediyim kimi, mən mövcud vəziyyətdə Pəhləvilərin geri qayıdacağını düşünmürəm.
Bu, Qərbin də istədiyi bir şey deyil. Qərb daha çox demokratik bir quruluş istəyir. Hətta İsrail bu məsələdə daha fərqli düşünür. Hətta bununla  Pəhləvilərlə də fikir ayrılığı var. Çünki İsrail faktik olaraq İranın parçalanmasını istəyir. Daha kiçik İranın olması barədə danışır, yəni belə bir versiya var. Amma bu o qədər də real bir versiya deyil".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31