“Türkiyə sülh prosesində Azərbaycanın şərtlərini prioritet sayır” – Əli Zülfüqaroğlu – ÖZƏL

İyunun 19-da  Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə gedib. Bir gün sonra, iyunun 20-də Ermənistan Baş naziri Nikol Paşinyanın da Türkiyəyə səfəri planlaşdırılır.

Səfərlərin əsas məqsədi nədir?  Hansı məsələlərin müzakirəsi gözlənilir?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu  Olaylar.az-a açıqlamasında bildirib ki, Türkiyə Cənubi Qafqazda sülh prosesi ilə bağlı təşəbbüs göstərir. Onun sözlərinə görə, bu baxımdan Türkiyə və Azərbaycan liderlərinin gündəmində sülh prosesinin ön sıralarda olması  təbiidir: "Türkiyə də bilir ki, sülh sazişinin imzalanması üçün Azərbaycanın prinsipial mövqeyi var və heç bir halda geri çəkilməyəcək. Bu, de-fakto mövcud olmayan və üçüncü qüvvələrin prosesə müdaxiləsi üçün "əsaslar" yaradan  ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasının dəyişdirilərək, separatçı müddəaların çıxarılmasıdır. Halbuki  Ermənistan konstitusiyasında  Azərbaycanla yanaşı Türkiyəyə qarşı da ərazi iddiaları var. Bu iki şərt yerinə yetirilməyəcəyi təqdirdə sülh sazişinin imzalanması mümkünsüz görünür. Ermənistan hökuməti isə müxtəlif zamanlarda sülh tərəfdarı kimi çıxış etsə də, amma real addım atmayıb. Beləliklə də sülh sazişinin imzalanması mümkün olmayıb".

Ə.Zülfüqaroğlu əlavə edib ki,  Azərbaycanla Türkiyənin qardaş dövlətlər olaraq çoxsaylı ortaq maraqları var.

"Həmçinin Şuşa Bəyannaməsi ilə iki qardaş ölkələr arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə qaldırılıb və tarixi nəticə əldə edilib. Təbii ki, fikir ayrılıqları da ola bilər. Amma düşünürəm ki, Türkiyə  Azərbaycanın sülh prosesi ilə bağlı şərtlərini prioritet kimi qəbul edir və Azərbaycanın razılığı olmadan Ermənistan siyasətində dəyişiklik etməz. Eyni zamanda Türkiyə  Ermənistan üzərində təzyiqlərini daha da artırarsa, o zaman Ermənistanın konstruktiv mövqe nümayiş etdirməsi üçün uyğun zəmin formalaşa bilər".

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra yeni hədəflər müəyyənləşdirib: "Təbii ki, Azərbaycanın imkanıları genişlənib və bu gün Azərbaycan dünyanın bir sıra bölgələrində olduğu kimi Yaxın Şərqdə də Türkiyə ilə əməkdaşlıq edir. Həmçinin iki ölkə arasında iqtisadi, mədəni, hərbi-siyasi əməkdaşlıq daha da güclənir. Eyni zamanda  Azərbaycan uğurlu diplomatik fəaliyyət nəticəsində bir bir sıra önəmli ölkələrlə yaxın münasibətlər qurub. Bu da bir sıra ölkələr arasındakı problemlərin həllində  Azərbaycana əlavə imkanlar verir. Düşünürəm ki, Azərbaycanla Türkiyə arasında iki ölkə münasibətləri ilə yanaşı regional və qlobal məsələlər də müzakirə oluna bilər".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31