Azərbaycan heç vaxt başqa dövlətlərin ərazisinə göz dikməyib- ÖZƏL

" Ermənistanda bəzi "həvəskar politoloq" kimi çıxış edən şəxslər və bəzən də düşüncə mərkəzləri belə bir narrativ formalaşdırmağa çalışırlar ki, guya  Azərbaycan  Ermənistanın ərazilərini, xüsusilə də Zəngəzuru işğal etmək istəyir. Halbuki Azərbaycanın belə bir mövqeyi yoxdur." Bu  fikirləri  Olaylar.az-a açıqlamasında  siyasi  şərhçi  Sultan  Zahidov  deyib:"Azərbaycan heç vaxt başqa dövlətlərin ərazisinə göz dikməyib. Biz öz ərazi bütövlüyümüzü artıq təmin etmişik. İkinci Qarabağ müharibəsi ilə suverenliyimizi bərpa etmişik. 2023-cü ilin sentyabrında başlayan antiterror tədbirləri ilə bu proses tamamlanıb. Bizim başqa torpaqlarda heç bir iddiamız yoxdur.

Sadəcə, Zəngəzur dəhlizi məsələsi Azərbaycan ilə Ermənistan arasında, həmçinin Rusiyanın vasitəçiliyi ilə 2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda əks olunub. Həmin bəyanatda qeyd edilir ki, Ermənistan  Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz keçidi təmin etməlidir. Biz də bu müddəanın yerinə yetirilməsini tələb edirik - bu bizim haqqımızdır.

Zəngəzur dəhlizinin açılması həm Azərbaycan-Ermənistan münasibətlərinə müsbət dinamika verə bilər, həm də bütövlükdə Cənubi Qafqazda və mən deyərdim ki, Böyük Avrasiya regionunda sabitlik və iqtisadi inkişaf baxımından ciddi töhfə verə bilər. Çünki Zəngəzur dəhlizi eyni zamanda Orta Dəhlizin vacib komponentinə çevrilmək potensialına malikdir. Azərbaycan bu məsələdə maraqlıdır, lakin biz bunu heç bir güc yolu ilə həyata keçirmək niyyətində deyilik. O ki qaldı İran məsələsinə - bəli, Ermənistanda elə düşünürlər ki, İranın zəifləməsi Ermənistanın mövqeyini zəiflətmir. Halbuki İran özü də Zəngəzur dəhlizinə qarşı çıxan bir dövlətdir. Amma bu məsələdə İran da Azərbaycanın mövqeyini tam şəkildə dərk etməyib.Azərbaycan Ermənistanın suverenliyini pozmağa çalışmır. Sadəcə olaraq, açıq və maneəsiz dəhliz istəyir ki, həmin yol ilə Azərbaycan vətəndaşları və yükləri Naxçıvana sərbəst keçə bilsin.Ermənistan müxtəlif bəyanatlarla bu prosesi uzatmağa çalışır. Həmçinin, Zəngəzur dəhlizinə alternativ olaraq "Sünik kəsişməsi" adlı bir layihəni irəli sürür. Amma bu layihənin heç bir real perspektivi yoxdur.Bu isə prosesin uzanmasına, eyni zamanda Azərbaycan-Ermənistan arasında etimad mühitinin formalaşmasına və sülh prosesinə mənfi təsir göstərir.Əks təqdirdə, Azərbaycanın müxtəlif alternativ variantları var. Hazırda Azərbaycan Araz dəhlizi layihəsini İranla birgə həyata keçirmək üzrədir. Bu dəhliz vasitəsilə Azərbaycanın Naxçıvana birbaşa çıxışı təmin olunacaq.Və bu halda itirən tərəf Ermənistan olacaq, çünki o, bir daha regional layihələrdən kənarda qalacaq."

 

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31